Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

"ASAN Könüllüləri" respublikamızda koronavirus pandemiyasına qarşı mübarizəyə ilk qoşulan təşkilatlardan biridir

Bakı, 23 may, AZƏRTAC
Dünya ölkələrini bürüyən koronavirus infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlətimiz tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə ASAN könüllüləri də hərəkətə keçiblər. "ASAN Könüllüləri" Təşkilatı respublikamızda koronavirus pandemiyasına qarşı mübarizəyə ilk qoşulan, dövlət başçısının çağırışına dərhal cavab verən təşkilatlardan biridir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabarova deyib.
Onun sözlərinə görə, bu istiqamətdə könüllülərimiz bütün səylərini birləşdirərək önəmli işlərə imza atırlar: “Martın 16-dan etibarən çıxdığımız bu yolda ilk fəaliyyətimiz Heydər Əliyev Beynəlxalq Aeroportundan başlayıb. Artıq iki aydan çoxdur ki, könüllülərimiz "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsi ilə birlikdə Heydər Əliyev Beynəlxalq Aeroportunda gecə-gündüz həkimlərimizlə çiyin-çiyinə vətəndaşlarımıza xidmət göstərirlər. Xaricdən gələn vətəndaşların qarşılanması, vətəndaş axının tənzimlənməsi, sərnişinlərin koronavirusla bağlı məlumatlandırılması, onların karantin bölgələrinə yola salınması "ASAN Könüllüləri" tərəfindən təmin olunur”.
O, həmçinin bildirib: "Hər kəsə məlumdur ki, karantin dövründə həkimlərdən əlavə, həmçinin polislərimiz də fasiləsiz xidmət edirlər. "ASAN Könüllüləri" olaraq, “Azərsun” Holdinqlə birgə dörd gün müddətində Bakı şəhəri ərazisində 2 növbə üzrə 160 stasionar postda xidmət aparan polis əməkdaşlarına "Azərsun" məhsulları və çay termosları hədiyyə etdik. "#VAROLUN" sosial çağırışı ilə həyata keçirilən layihənin məqsədi xüsusi karantin rejimi dövründə fasiləsiz xidmət göstərən polislərə vətəndaşlarımızın təşəkkür mesajının çatdırılması idi. Eyni zamanda, “ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial layihəsi çərçivəsində yaşı 65-dən yuxarı olan, tənha yaşayan insanlara dəstək məqsədilə elan olunmuş "Qaynar xətt" vasitəsilə müraciətləri qəbul etdik, müraciət edən kimsəsizlərin evlərinə getdik, onların ehtiyaclarını araşdırdıq və www.asanmektub.az saytına məktublar qismində yerləşdirdik. Bu günə qədər, ümumilikdə 16 şəhər və rayon - Bakı, Sumqayıt, Gəncə, şəhərləri və Sabirabad, Bərdə, Mingəçevir, Qəbələ, Quba, Masallı, İmişli, Şəki, Tovuz, Şamaxı, Kürdəmir, Ağcabədi, Zərdab rayonları üzrə 1044 müraciət qeydə alınıb ki, onların da hamısı təmin edilib”.
Həmçinin Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF), "ASAN Könüllüləri" Təşkilatının birgə əməkdaşlığı və Avropa İttifaqının maliyyə yardımı ilə “Pandemiya dövründə həssas ailələrə dəstək” kampaniyası icra olunub. Kampaniya çərçivəsində ilkin olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunmuş məlumatlar əsasında paytaxtda və regionlarda yaşayan valideyn himayəsindən məhrum olmuş 2 mindən çox uşağın, həmçinin əlilliyi olan gənclərin ailələrinə qida yardımı, o cümlədən COVID-19 pandemiyasından qorunmaq üçün maarifləndirici materiallar təqdim edilib.
S.Cabarova qeyd edib ki, təşkilat tərəfindən əhalinin maarifləndirilməsi istiqamətində də ciddi işlər aparılır: "Bu sahədə biz müxtəlif videoçarxlar hazırlayaraq sosial şəbəkələr vasitəsilə onları yayırıq. Eyni zamanda," ASAN Könüllüləri" Ümumdünya Səhiyyə Təşkilatının "Təmiz Əllər” kampaniyasına ilk olaraq qoşulub estafeti digər könüllü təşkilatlara ötürüblər. Təşkilat müxtəlif qurumlarla əməkdaşlıq edir. “Coca-Cola Azərbaycan" şirkəti və “ASAN Könüllüləri” Təşkilatının növbəti əməkdaşlığı çərçivəsində Bakı şəhəri və bölgələrdə karantin rejimində fəaliyyət göstərən xəstəxanalara ödənişsiz formada içməli sular çatdırılıb. Xəstəxanalarda çalışan tibbi heyət və karantin rejimində olanların su tələbatını ödəmək üçün 120 min vahid “Bonaqua” suları könüllülərin iştirakı ilə ünvanlara göndərilib. Bundan əlavə, qida ehtiyacı olan 3500 ailənin ərzaqla, 3500 nəfərin, xüsusilə regionlarda yaşayan şəxslərin, o cümlədən COVID-19 xəstələri ilə işləyən və karantin xəstəxanalarında çalışan 1000 həkimin zəruri tibbi dezinfeksiyaedici ləvazimatlarla təmin edilməsi nəzərdə tutulub”.
Təşkilatın sədri bildirib ki, “ASAN Könüllüləri”nin Mədəniyyət Carçısı proqramı “Hökumətlər tərəfindən COVID-19-a qarşı görülən çevik tədbirlər” mövzusunda keçirilən ASAN Qlobal Veb-Forumunun sessiyalararası fasilə müddətində musiqi və rəqs nömrələri nümayiş etdirib.
“Prezident İlham Əliyev çıxışlarında bütün könüllülərin və xüsusilə də "ASAN Könüllüləri"nin fəaliyyətindən bəhs edir, onlara yüksək qiymət verir. Biz də bu məsuliyyəti öz üzərimizdə hiss edərək dövlətimizin başçısının tövsiyələri əsasında nəcib fəaliyyətimizi bundan sonra da davam etdirəcək, ölkə rəhbərliyinin etimadını bir daha doğrultmağa çalışacağıq".

Sosial 2020-05-23 11:27:00