Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Ağstafada piyada əleyhinə mina tapılıb

Bakı, 23 may, AZƏRTAC

Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu, Köhnəqışlaq kəndi ərazisində 6 ədəd partlamamış piyada əleyhinə minanın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DSX-nin əməkdaşları əraziyə göndərilib və birlikdə baxış keçirilib.
Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 6 ədəd piyada əleyhinə OZM-72 minası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Piyada əleyhinə minaların ətrafında 100 kvadratmetr əraziyə yerüstü, 25 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Cəmiyyət 2020-05-23 05:41:00