Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Yardımlıda təsərrüfatbaşına uçot sənədlərinin elektron bazaya daxil edilməsi prosesi uğurla həyata keçirilir

Yardımlı, 22 may, Bağır Əliyev, AZƏRTAC

“2019-cu ildə statistika orqanlarının fəaliyyəti və 2020-ci ildə qarşıda duran vəzifələr haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi kollegiyasının 2020-ci il 7 fevral tarixli qərarına əsasən, şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələrinin, habelə tərkibində qəsəbə yaşayış məntəqəsi olan kənd inzibati ərazi dairələrinin nümayəndəlikləri tərəfindən təsərrüfatbaşına uçot sənədləri üzrə son məlumatların elektron məlumat bazasına daxil edilməsinin təmin olunması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının müvafiq şöbəsi tərəfindən şəhər və rayonların icra hakimiyyəti başçılarına müvafiq göstərişlər verilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev məlumat verib.
O bildirib ki, tədbirin həyata keçirilməsi sayəsində gələcəkdə proqramın müxtəlif dövlət orqanlarının elektron məlumat bazasına inteqrasiya edilməsi nəticəsində uçotun dəqiqləşməsi, göstəricilərin əlçatanlığı və proqnoz məlumatların əldə edilməsini təmin edəcək.
Yardımlı Rayon Statistika İdarəsi tərəfindən prosesin sürətləndirilməsi üçün bir sıra tədbirlərə başlanılıb. İdarədə rayonun inzibati ərazi dairələri üzrə nümayəndəliklərində təsərrüfatbaşına uçot kitablarının real rejimdə işlənilməsinin vəziyyəti və yekun cədvəllərə nəzarət məsələləri ilə əlaqədar təlimatı müşavirə keçirilib.
Hazırda cari ilin məlumatlarının elektron bazaya daxil edilməsi prosesi sürətlə yerinə yetirilməkdədir. Rayonda mövcud olan 14537 müxtəlif növ təsərrüfat qruplarına aid məlumatların 95 faizə qədəri bölmələr üzrə elektron bazaya daxil edilib. Digər göstəricilər üzrə məlumatlar yekun hesabatlarla dürüstləşdirmə mərhələsindədir.
Prosesin operativ olaraq keyfiyyətlə aparılmasında bu işə məsul kadrların kompüter biliklərinin qənaətbəxş olması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Yardımlı şəhər, Bozayran, Sırıq, Aşağı Astanlı, Zevin və Avaş kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklər xüsusi fəallıq göstərirlər.

 

Regionlar 2020-05-22 20:51:00