Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İtkin düşmüş Oğuz rayon sakininin meyiti çayda aşkarlanıb

Oğuz sakininin meyitinin baş nahiyəsindəki xəsarətlər vəhşi heyvanın pəncəsinin zərbəsi nəticəsində yaranıb

Bakı, 22 may, AZƏRTAC
Mayın 21-də itkin düşmüş Oğuz rayonu Xaçmaz kənd sakini, 2007-ci il təvəllüdlü Cəbrayıl Məmmədlinin tapılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələrinin, prokurorluq və polis işçilərinin, eləcə də digər aidiyyəti qurumların əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində C.Məmmədlinin meyiti mayın 22-də saat 09 radələrində yaşadığı evdən təxminən iki kilometr aralı meşəlik ərazidən keçən çayda aşkarlanıb.
Oğuz rayon prokurorluğu və rayon polis şöbəsindən AZƏRTAC-a bildirilib ki, dərhal prokurorluq və polis işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub, şahidlərin izahatları alınıb.
C.Məmmədlinin meyitinə baxış zamanı cəsədin baş nahiyəsində xəsarətlər aşkar edilib.
Məhkəmə-tibbi ekspertinin ilkin məlumatına görə C.Məmmədlinin baş nahiyəsində aşkar edilmiş xəsarətlər vəhşi heyvanın (ayının) pəncəsinin zərbəsinin təsiri nəticəsində yaranmağa xarakterikdir.
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Sosial 2020-05-22 19:33:00