Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Ramin Bayramlı: Bakıda açılmış ilk modul tipli xəstəxana iyunun 1-dən fəaliyyətə başlayacaq

Bakı, 22 may, AZƏRTAC
Bakıda açılmış ilk modul tipli xəstəxana iyunun 1-dən etibarən fəaliyyətə başlayacaq. Növbəti həftələrdə daha 9 xəstəxananın açılması gözlənilir. İlk açılacaq xəstəxana üçün heyət tam hazır vəziyyətdədir. Əməkdaşlarımız orada çalışırlar və xəstələrin həmin xəstəxanalarda müalicəsinə başlanılacaq.
AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
R.Bayramlı bildirib ki, test nəticəsi neqativ çıxan, lakin simptomları olan xəstələrin sayında artım var. Bununla bağlı narahatedici məqam vətəndaşların müalicəyə gec müraciət etməsidir: “Yeni klinika”da 100-dən çox pozitiv xəstə müalicə alır. Bu klinika bizə imkan verir ki, şöbələri ayıra bilək. Belə ki, klinikada virusa yoluxduğu təsdiq olunmamış, lakin simptomlu xəstələrin də müalicə və müşahidəsi aparılır. Bəzi ağır hallar var. “Yeni klinika”nın maddi texniki bazası bizə imkan verir ki, ağır halların da müalicəsini aparaq. Eyni zamanda, Ağciyər Xəstəlikləri İnstitutunda və Klinik Tibbi Mərkəzin İnfeksion xəstəliklər bölməsində də belə xəstələrin müalicəsi davam etdirilməkdədir.
Ötən həftə ərzində də test tətbiqi siyasətimiz davam etdirilib. Azərbaycan hökuməti, Operativ Qərargah tərəfindən 10 yeni laboratoriyanın qurulması barədə qərar qəbul edilib. Artıq beynəlxalq şirkətlərlə danışıqlar aparılır və yaxın günlərdə həmin laboratoriyaların qurulması prosesinə başlanılacaq. Bununla da testaparma imkanlarımızı daha da yüksəldə biləcəyik. Müvafiq dövr ərzində testlərin sayı 30 dəfədən çox artırılıb. Ümumilikdə, 260 minə qədər test icra olunub. 1 milyon əhaliyə düşən testlərin sayı 25 minə yaxındır. Ölkəmizdə keçirilən testlərin sayı yoluxma hallarının aşkarlanmasına adekvatdır.
İndiyədək keçirilmiş testlərin 1,3 faizi pozitiv aşkarlanıb. Ola bilər ki, önümüzdəki günlərdə testlərin sayında 4 minədək azalma olsun. Çünki hədəfləri düzgün istiqamətlənmiş olaraq seçmək istəyirik. Gələn aydan isə ölkəmizdə seroloji testlərin icrasına başlanılacaq. Bunun üçün qruplar müəyyən edilib, mart-may aylarında COVID-19-dan sağalan şəxslər iki qrupa ayrılacaq. Sağalmış şəxslər arasında xəstəliyi assimptomatik, orta-ağır və ağır keçirənlər olub. Biz seroloji testlər vasitəsilə assimptomatik və simptomlu hallarda orqanizmin fərdi immun cavabını öyrənəcəyik”.

Səhiyyə 2020-05-22 19:17:00