Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İyunun 1-dən sonra iri ticarət mərkəzlərinin açılması və rayonlara gediş-gəlişin bərpası gözlənilir

Bakı, 22 may, AZƏRTAC 

Azərbaycanda xüsusi karantin rejiminin uzadılması epidemik göstəricilərdən asılı olacaq.
AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
“İyunda ölkəmizdə kütləvi tədbirlərin, toy mərasimlərinin keçirilməsini məqbul hesab etmirik. Epidemioloji vəziyyət buna imkan vermir. Lakin iyunun 1-dən sonra iri ticarət mərkəzlərinin, “mall”arın açılması və rayonlara gediş-gəlişin bərpası gündəmdədir. Əgər göstəricilər stabil olsa, bununla bağlı qərar qəbul edilə bilər. Rayonlara gediş-gəlişin bərpasına gəlincə isə bunun şəxsi avtomobıl və ya ictimai nəqliyyatla olması da müzakirə edilir. Çimərliklərin açılması ilə bağlı problem görmürük. Əsas məsələ orada sosial məsafənin qorunmasıdır. Bununla bağlı təlimatlar, göstərişlər hazırlanır və yaxın günlərdə açıqlanacaq. İdman tədbirləri ilə bağlı məsələ də müzakirə olunur”, - deyə R.Bayramlı qeyd edib.

Səhiyyə 2020-05-22 18:47:00