Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycanın Qazaxıstandakı səfiri beynəlxalq videokonfransda məruzə edib

Nur-Sultan, 22 may, AZƏRTAC
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov tanınmış qazax ədibi Abay Kunanbayevin 175 və Beynəlxalq Türk Akademiyasının (BTA) fəaliyyətə başlamasının 10 illik yubileyinə həsr olunan beynəlxalq videokonfransda iştirak edib.
AZƏRTAC xəbər verir ki, BTA tərəfindən UNESCO ilə birlikdə təşkil olunan “Abay və XXI yüzillik: Əsrlərin müəllimi” adlı videokonfransda təşkilatın prezidenti Darxan Kıdırali təmsil etdiyi qurum barədə məlumat verib. Bildirib ki, akademiyanın əsas tədqiqat istiqamətlərindən biri türk dünyasının tarixi şəxsiyyətlərinin zəngin mənəvi mirasının öyrənilməsi və beynəlxalq miqyasda tanıdılmasıdır. Bu çərçivədə həyata keçirilən Abay Kunanbayevin 175 illik yubiley tədbirləri cari ilin yanvar ayında Bakıda “Abay ili”nin açılış mərasimi ilə başlayıb. Bu tədbirin UNESCO-da qeyd olunması planlaşdırılsa da, pandemiya səbəbindən hazırda onlayn formada keçirilir.
Rəşad Məmmədov hər iki yubileyin türk dünyası üçün əhəmiyyətli hadisə olduğunu qeyd edib. Diplomat bu münasibətlə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun adından ünvanlanan təbrik məktubunu diqqətə çatdırıb. Məktubda qeyd olunub ki, türkdilli ölkələrin elmi irsinin tədqiqi, tanıdılması və gələcək nəsillərə ötürülməsində Türk Akademiyası əhəmiyyətli rol oynayır. Bu cür tədbirlər bizim əlaqələrimizi daha da genişləndirir. 10 aprel 2020-ci ildə Türk Şurasının sədri kimi Azərbaycan Prezidentinin videokonfrans formatında fövqəladə Zirvə Görüşünü çağırması və həmin görüşdə qəbul olunan qərarlar ölkələrimiz arasındakı həmrəyliyin əyani sübutudur.
Səfir qeyd edib ki, BTA-nın ortaq tarixi şəxsiyyətlərimizlə bağlı fəaliyyətləri, tədqiqatları Azərbaycan dövləti tərəfindən təqdir olunur. Qlobal pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, akademiya bu il planlaşdırdığı işləri təxirə salmayıb. Qısa müddətdə Abayın “Qara sözlər”i Azərbaycan dilinə tərcümə olunub və işıq üzü görüb. BTA 10 illik qısa fəaliyyəti müddətində təşkilata üzv olan və ya olmayan bütün türkdilli dövlətlər və türk xalqları ilə bağlı əhatəli tədqiqatlar ortaya qoyub, qardaş xalqların inteqrasiyasına əhəmiyyətli töhfə verib.
Akademiyanın fəaliyyətinin Azərbaycan üçün əlamətdar məqamlarından biri, onun yaradılması ilə bağlı qərarın 10 il əvvəl, qədim türk yurdlarından biri olan Naxçıvanda verilməsi olub. Bu qısa dövr ərzində akademiya çox böyük inkişaf yolu keçib. Təşkilatın fəaliyyəti Azərbaycan dövləti tərəfindən maraqla izlənilir.
Diplomat onu da qeyd edib ki, bu il 175 illik yubileyi qeyd olunan Abay öz yaradıcılığı ilə XIX əsrdə maarifçilik hərəkatının başlaması və qazax xalqının maariflənməsində əvəzsiz rol oynayıb. O, əsərlərindəki dərin məna yükü ilə milli sərhədləri aşaraq beynəlxalq miqyaslı ədəbi şəxsiyyətə çevrilib. Təsadüfi deyil ki, Abay bütün türk dünyasında, o cümlədən Azərbaycanda da sevilir və tədris olunur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1995-ci ildə Abayın 150 illik yubileyinin Azərbaycanda da qeyd edilməsi barədə göstəriş vermişdi və özü Almatıda keçirilən yubiley tədbirlərinə şəxsən qatılmışdı. O, Abay Kunanbayevin öz xalqına başucalığı gətirdiyini, dünya şöhrəti qazandığını bildirmiş, Abayın yaradıcılığının bütün bəşəriyyətə, bütün xalqlara məxsus olduğunu bildirmişdi.
R.Məmmədovun sözlərinə görə, Azərbaycanın tanınmış dramaturq və dövlət xadimləri Əbdürrəhim bəy Haqverdiyev və Nəriman Nərimanovun 150, böyük bəstəkar Üzeyir Hacıbəylinin 135 illik yubileylərinin beynəlxalq səviyyədə qeyd olunması, əsərlərinin tərcümə olunması Beynəlxalq Akademiyanın builki fəaliyyət planına daxil edilib.
Videokonfransa UNESCO-nun Qazaxıstandakı nümayəndəliyinin rəhbəri Andrey Şevelev, Qazaxıstanın Təhsil və elm naziri Ashat Aymağambetov və Qırğızıstanın Mədəniyyət, informasiya və turizm naziri Azamat Jamankulov, Türk Şurasının Baş katibinin müavini Sultan Rayev, TÜRKPA Baş katibinin köməkçisi Əli Yıldız, TÜRKSOY Baş katibinin köməkçisi Bilal Çakıcı, UNESCO-nun Türkiyə Milli Komissiyasının rəhbəri Öcal Oğuz, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, Türk Dil Qurumunun başqanı Gürer Gülsevin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndəsi, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Monqolustan, Özbəkistan, Türkiyə, Başqırdıstan və digər ölkələrdən tanınmış türkoloq və alimlər qatılıblar.
Konfrans çərçivəsində Abayın Azərbaycan, qırğız və özbək dilində tərcümə olunan “Qara söz” kitablarının təqdimatı da keçirilib.

 

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan

Elm və təhsil 2020-05-22 18:31:00