Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqının onlayn iclası keçirilib

Bakı, 22 may, AZƏRTAC 

Mayın 22-də Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin həmkarlar ittifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılovun rəhbərliyi ilə keçirilən iclasda dünyanı sarsıdan “COVID-19” pandemiyasının qarşısının alınması və onun ölkə iqtisadiyyatına vurduğu fəsadların minimuma endirilməsi, vətəndaşların sosial rifah halının daha da gücləndirilməsi ilə bağlı ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında görülmüş işlər, həmçinin Heydər Əliyev Fondunun bu sahədə verdiyi böyük töhfələr yüksək qiymətləndirilib.
İttifaqın sədri Mehman İsmayılov çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə görülmüş işlər, qabaqlayıcı tədbirlər pandemiyanın ölkəmizdə geniş vüsət almasının qarşısını almağa imkan verib. Təsadüfü deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda bu sahədə görülən işləri yüksək qiymətləndirib və Azərbaycanı nümunəvi ölkə adlandırıb.
Bildirilib ki, dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə, imzaladığı sərəncamlara uyğun olaraq, həssas təbəqələrə sosial dəstək verilib, birdəfəlik ödənişlər ayrılıb, ictimai iş yerlərinin sayı artırılıb, həm də koronavirus təhlükəsi, karantin rejimi ilə bağlı fəaliyyəti məhdudlaşmış sahibkarlıq subyektlərinə yardımlar olunub.
Mehman İsmayılov vurğulayıb ki, “Biz birlikdə güclüyük” aksiyası çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu yüz mindən artıq ailəyə yardım paylayıb. Fondun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən “150 Çağrı mərkəzi”nə daxil olan müraciətlər əsasında sovqatların hazırlanması və onların ünvanlara çatdırılması təmin edilib.
Nazirlik tərəfindən görülən işlərə toxunan natiq, həmçinin Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqının Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə əlaqəli şəkildə gördüyü tədbirlərdən də söz açıb.
Daha sonra iclasda karantin rejimi dövründə həmkarlar ittifaqı komitələrinin fəaliyyəti müzakirə olunub və onların fəaliyyət istiqamətləri müəyyənləşdirilib, gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılaraq müvafiq qərarlar qəbul edilib.

Sosial 2020-05-22 17:48:00