Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Prezidentin məmurlardan əsas tələbi vətəndaş məmnunluğunun artırılmasıdır

Bakı, 22 may, AZƏRTAC
Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadiyyatın neft-qaz sektorundan asılılığının minimuma endirilməsini qarşıya mühüm vəzifə kimi qoyan Prezident İlham Əliyevin son 16 ildən artıq dövrdə bu istiqamətdə atdığı addımlar davamlılığı ilə diqqət çəkir. Regionların malik olduqları potensialdan səmərəli istifadə etmək üçün ölkə Prezidenti tərəfindən təsdiqlənən Dövlət proqramlarının uğurlu icrası növbəti proqramların qəbulunu zərurətə çevirir. Həyata keçirilən bütün bu ardıcıl tədbirlər nəticəsində Azərbaycan hazırda dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətlə inkişaf edən ölkə kimi tanınır və nüfuz qazanır. 2004-cü ildən bu günə qədər ümumi daxili məhsulun üç dəfədən çox artması Prezidentin rəhbərliyi ilə həyata keçirilən təkmil iqtisadi və sosial islahatların nəticəsidir. Məhz aparılan uğurlu iqtisadi siyasətin nəticəsidir ki, bu gün ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 270 milyard dollara yaxındır. Valyuta ehtiyatlarımız isə 52 milyard dollara çatıb. Bu illər ərzində iki milyondan artıq yeni iş yeri yaradılıb. Cari ilin birinci rübünün sosial-iqtisadi göstəriciləri də qənaətbəxşdir. Baxmayaraq ki, dünyanı bürüyən pandemiyanın mənfi təsirləri Azərbaycan iqtisadiyyatından da yan keçməyib, dövlət başçısının siyasi iradəsi və qətiyyəti ilə görülən qabaqlayıcı tədbirlər sayəsində qətiyyətlə demək olar ki, COVID-19-un Azərbaycan iqtisadiyyatına və sosial həyatına təsiri minimum həddədir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayevi isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən bölgələrdə görülən tədbirlərdən, həyata keçirilən infrastruktur layihələrindən, abadlıq-quruculuq işlərindən geniş bəhs edərək bu fikri xüsusi vurğulayıb ki, bölgələrdə görülən işlərin mənbəyində xalqın iradəsi dayanır. Artıq regionların sosial-iqtisadi inkişafı ilə bağlı dördüncü Dövlət Proqramı icra olunur. Bütün proqramların tərtib edilməsində yerlərdən gələn təkliflər əsas yer tutur. Məhz Prezident bütün bunları əsas götürərək yerli icra hakimiyyəti orqanları qarşısında belə bir təxirəsalınmaz vəzifə qoyub: “... bölgələrdə elə işlər görülməlidir ki, o işlər öz həllini gözləyir, insanlar əziyyət çəkir. Ona görə vəziyyəti təhlil edərkən siz, ilk növbədə, vətəndaşları narahat edən məsələləri aşkarlamalısınız”.
“Dövlətimizin başçısı İlham Əliyev daim dövlət məmurlarını xalqla bir olmağa, insanların qayğıları ilə maraqlanmağa və həlli istiqamətində ciddi addımlar atmağa, inkişafa, quruculuğa böyük töhfələr verməyə, səyləri birləşdirib konkret addımlar atmağa çağırışlar edir”, - söyləyən V.Rəhimzadə bildirib ki, Prezident bu məqamı da xüsusi vurğulayır ki, hər bir icra başçısını vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət!
Baş redaktor vurğulayıb ki, bu prinsiplərin qorunması, vəhdətliyinin təmin edilməsi, həmçinin hər bir dövlət məmurunun, struktur rəhbərinin üzərinə düşən vəzifəni və verilən tapşırıqları lazımi səviyyədə yerinə yetirməsi fonunda yüksək nəticələrə nail olmaq mümkündür. Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan qəbulda da bu məsələyə xüsusi diqqət yönəldib: “Əgər icra hakimiyyəti başçısı öz vəzifə borcunu yerinə yetirmirsə, əksinə, insanları incidir, insanların əmlakına göz dikir, kimsəsiz insanlara çatacaq yardımı, ictimai işlərə cəlb edilmiş insanların ödəniş kartlarını oğurlayır, talançılıqla, rüşvətxorluqla, korrupsiya ilə məşğul olursa, onda insanlar hansı fikirdə ola bilərlər? Siz işdə də, məişətdə də nümunə göstərməlisiniz və elə işləməlisiniz ki, insanlar sizdən razı olsunlar. İnsanlar sizdən razı olsalar, mən də sizin işinizdən razı olacağam. Ona görə vəziyyəti dərindən təhlil edin, həllini gözləyən məsələləri həll etmək üçün səylər göstərin və gücünüz çatmayan işlərin həll edilməsi üçün Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, müvafiq dövlət orqanlarına müraciət edin”.
Vüqar Rəhimzadə bildirib ki, neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar öz müsbət nəticəsini verir. Azərbaycanda çox böyük sahibkarlar sinfi formalaşıb. Prezident İlham Əliyev qeyd olunan qəbulda bu məsələyə diqqət yönəltdi, qarşıya qoyulan tapşırıqlar sırasında yerli sahibkarlarda sərmayələrin yatırılması ilə bağlı inam hissinin formalaşdırılmasının əsas yer tutduğunu önə çəkərək onlara yeni iş yerlərinin yaradılmasına və rayonların inkişafına töhfələr verməyə çağırışlar olunmasının vacibliyini bildirərək dedi: “Bir sözlə, sizin fəaliyyətiniz rəhbərlik edəcəyiniz rayonların sosial-iqtisadi inkişafında özünü göstərməlidir”.
“Cənab İlham Əliyev bölgələrdə gedən işləri daim nəzarətdə saxladığını, çoxsaylı səfərlərində məqsədin görülmüş işlərin icrası ilə yaxından tanış olmaq, insanları narahat edən problemləri onların özündən eşitmək və bunları həll etmək olduğunu xüsusi vurğuladı”, - söyləyən V.Rəhimzadə bildirib ki, məhz bu diqqət və qayğının sayəsində Azərbaycanın hər bir bölgəsi inkişaf, tərəqqi dövrünü yaşayır. Regionlar arasında sağlam rəqabət hər kəsdə ruh yüksəkliyi yaradır. Bu gün ən ucqar kəndlərdə belə müasir infrastruktur yaradılıb. Prezident İlham Əliyevin “İnsanlar görülən işlərdən razı olmalıdırlar” çağırışı bir daha bu reallığı təsdiqləyir ki, Azərbaycanda vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir, eyni zamanda, ölkə Prezidenti hər bir vətəndaşının yanındadır.
Baş redaktor Azərbaycanın yeniləşdiyini, müasirləşdiyini xüsusi önə çəkərək, yeni kadrların bu uğurların davamlılığına öz töhfələrini verəcəklərinə əminliyini böyük inam hissi ilə qeyd edir: “Hər bir məmur ona həvalə olunan vəzifəni layiqincə və şərəflə icra etməli, etimadı doğrultmalıdır. Ölkəmizdə həyata keçirilən inkişaf siyasətinin mərkəzində şəffaflığın təmin olunması, vətəndaşlara layiqli xidmətin göstərilməsi dayanır. Prezident İlham Əliyevin idarəçiliyində vətəndaş məmnunluğunun artırılması, onları narazı salan halların aradan qaldırılması, insanların dövlət strukturlarına müraciətlərinə ədalətli münasibətin ortaya qoyulması əsas yer tutur. Ona görə də ölkəmizdə korrupsiyaya qarşı mübarizə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının əsasıdır. Möhtərəm Prezidentimiz qeyd olunan qəbulda bir daha bu məqamı diqqətə çatdırmışdır ki, ədalət əsas prinsip olmalıdır. İnsanların inamı, əhval-ruhiyyəsi bir çox hallarda yerli rəhbərlərin işindən asılıdır”.

Daxili siyasət 2020-05-22 16:08:00