Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan UNESCAP-ın Bankokdakı tədbirində təmsil olunacaq

Bakı, 22 may, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı sentyabrın 28-29-da Bankokda keçiriləcək Sərhədlərarası kağızsız ticarətin asanlaşdırılması üzrə müvəqqəti hökumətlərarası idarəetmə qrupunun altıncı iclasında Azərbaycanı təmsil edəcək.
İİTKM-dən AZƏRTAC-a bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean ölkələri üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) təşkilatçılığı ilə bütün üzv ölkələrin də iştirak edəcəyi tədbirdə V.Qasımlı açılış nitqi ilə çıxış edəcək. Çıxışı zamanı V.Qasımlı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda “smart nation” quruculuğu barədə iştirakçılara məlumat verəcək.
İkigünlük tədbir zamanı işçi qrup hökumətin sərhədlərarası sənədsiz ticarətin asanlaşdırılması üzrə regional razılaşma layihəsinin mətninin daha da təkmilləşdirilməsi, sərhədlərarası sənədsiz ticarətin asanlaşdırılması üzrə regional razılaşmanın mətnində əsaslı müddəaların həyata keçirilməsi üçün yol xəritəsi layihəsinin hazırlanması kimi bir sıra məsələləri müzakirə edəcək.
Qeyd edək ki, Azərbaycan Asiya və Sakit Okean ölkələri arasında sərhədlərarası sənədsiz ticarətin asanlaşdırılmasına dair Çərçivə Sazişini qəbul edən ilk ölkədir. Prezident İlham Əliyevin Sərəncamı ilə “Asiya və Sakit Okean Regionunda Transsərhəd Kağızsız Ticarətin Sadələşdirilməsi üzrə Çərçivə Sazişi”nə qoşulmaq haqqında Qanun qəbul olunub.

İqtisadiyyat 2020-05-22 13:00:00