Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Biləcəri qəsəbəsində avtomobili oğurlayaraq hissələrə ayırıb satan dayı-bacıoğlu saxlanılıb VİDEO

Bakı, 21 may, AZƏRTAC 

Binəqədi rayonunun Biləcəri qəsəbəsində paytaxt sakini İsmayıl İsmayılzadəyə məxsus “VAZ-2107” markalı avtomobil naməlum şəxs tərəfindən qaçırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, zərərçəkən ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinə şikayət edərək nəqliyyat vasitəsinin oğurlandığını bildirib.
Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər məhkum olunmuş Sahib Əliyev və bacısı oğlu Nicat Musayev bölmə əməkdaşlarının “isti izlər”lə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulublar.
Araşdırma zamanı müəyyən edilib ki, S.Əliyev avtomobili qaçırandan sonra yaşadığı Abşeron rayonu Məhəmmədi qəsəbəsində sökərək hissələrə ayırıb. Daha sonra o, həmin ehtiyat hissələrinin bəzilərini qohumu N.Musayevin tapdığı müştərilərə satıb. Qaçırılan nəqliyyat vasitəsinin qalan hissələri polislər tərəfindən S.Əliyevin yaşadığı evin həyətindən aşkar olunaraq götürülüb.
Faktla bağlı 6-cı polis bölməsində toplanan materiallar araşdırlması üçün Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. S.Əliyev və N.Musayevin ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa şəxslər varsa, 102 - Zəng Mərkəzinə və ya Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinə müraciət edə bilərlər.

Hadisə 2020-05-21 15:37:00

Video