×
A
A
A
Sazlamalar

Elçin Əhmədov: Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın hüquqazidd addımları onun təcavüzkar siyasətini göstərir

Bakı, 21 may, AZƏRTAC

Beynəlxalq hüququn bütün fundamental prinsiplərini kobud şəkildə pozan Ermənistan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyətlərlə cinayətkar rejimin guya “tanınması” görüntüsü yaradaraq Dağlıq Qarabağ ermənilərini münaqişədə iştirak edən tərəf kimi bütün vasitələrlə dünyaya çatdırmağa çalışır. Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qeyri-qanuni rejimdə artıq neçənci dəfədir ki, qondarma “seçkilər” keçirilir. Bu cür “seçkilər”in, eləcə də Azərbaycanın hazırda işğal altında olan tarixi mədəniyyət mərkəzi Şuşa şəhərində Ermənistan rəhbərinin iştirakı ilə “andiçmə mərasimi”nin təşkil olunması təcavüzkarın ölkəmizə qarşı açıq-aşkar işğalçılıq siyasətini göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.
E.Əhmədov deyib ki, Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə zidd olaraq, eləcə də digər beynəlxalq təşkilatların qərarlarına əhəmiyyət verməyərək Azərbaycanın işğal altındakı ərazilərində belə qondarma “seçkilər” təşkil etməklə yanaşı, özünün digər qanunsuz hərəkətləri ilə də, yəni, işğal olunmuş ərazilərimizdə həyata keçirilən qeyri-qanuni fəaliyyəti ilə, xüsusilə məskunlaşdırma siyasətinin aparılması, demoqrafik tərkibin qəsdən dəyişdirilməsi, xalqımıza məxsus maddi-mədəni irsin talan edilməsi ilə regionda sülhün bərqərar olmasına ciddi təhlükə yaradır.
Dağlıq Qarabağ bölgəsinin erməniləri digər ölkələrdə yaşayan ermənilər kimi, Azərbaycan Respublikasında yaşayan milli azlıqlardan biridir. Beynəlxalq hüququn normalarına görə milli azlıqlar öz müqəddəratlarını təyin edə bilərlər. Lakin bu, müstəqillik formasında ola bilməz. Çünki müstəqil dövlətin ərazisində yaşayan milli azlıqların belə hüquqları yoxdur. Eyni zamanda, xalqların öz müqəddəratını təyinetmə məsələsi beynəlxalq hüququn əsas prinsiplərindən olan ərazi bütövlüyü prinsipini pozmamalı, bu prinsiplə ziddiyyət təşkil etməməlidir. Bu baxımdan, ermənilərin öz müqəddəratını təyinetmə hüququnu bəhanə etməsi beynəlxalq hüquq normalarının, xüsusilə ATƏT-in Helsinki Yekun Aktının prinsiplərinin kobud şəkildə pozulması deməkdir.
Bundan başqa, münaqişənin nizama salınması üçün aparılan danışıqlarda Ermənistan tərəfindən yaradılan və hazırda onun nəzarətində olan Dağlıq Qarabağdakı cinayətkar və qondarma qurumun “tərəf” kimi iştirakının təmin olunması tələbi də əsassızdır və beynəlxalq hüququn prinsiplərinə uyğun deyil. Çünki Dağlıq Qarabağ ermənilərinin müstəqil “tərəf” kimi danışıqlarda iştirakı məsələsi nəinki 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun mandatına ziddir, eyni zamanda, 2008-ci ilin sonunda Moskvada imzalanmış məlum bəyannamədə də açıq şəkildə bildirilir ki, münaqişənin nizamlanması istiqamətində aparılan danışıqlar prosesində yalnız Azərbaycan və Ermənistan tərəfləri iştirak edə bilər. Əgər Dağlıq Qarabağ münaqişə tərəfi olsaydı, onda Ermənistan adıçəkilən bəyannaməni imzalamazdı.
Keçən dövr ərzində Ermənistan nəinki işğalçılıq siyasətindən əl çəkməmiş, əksinə, son vaxtlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Məqsəd danışıqlar prosesini pozmaq və işğalçılıq siyasətini davam etdirməkdir. Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz rejim həmin bölgədə azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında Ermənistan tərəfindən yaradılmış cinayətkar qurumdur. Məhz buna görə beynəlxalq təşkilatlar və dünya ölkələri də Ermənistanın öz işğalçılıq siyasətini ört-basdır etmək məqsədilə Dağlıq Qarabağda əvvəllər keçirdiyi bu cür qondarma “seçkiləri” heç vaxt tanımayıb.
Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə bildirdi ki, Ermənistan təbliğatına və ümumiyyətlə, münaqişə ilə bağlı mövqeyinə növbəti böyük zərbə bu yaxınlarda vuruldu. Sonuncu, qondarma “prezident və parlament seçkiləri”nin keçirilməsi isə münaqişənin nizama salınmasında 28 ildir vasitəçilik edən ATƏT-in Minsk qrupu daxil olmaqla, bir sıra beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən qanunazidd hərəkət kimi qiymətləndirilib və tanınmayıb. Bütün bu təşkilatlar bu “seçkiləri” tanımadılar və bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.
Ermənistan danışıqlarda Dağlıq Qarabağın “müstəqil” tərəf kimi iştirakını təmin etməyə çalışsa da, 2016-cı ilin Aprel döyüşləri sübut etdi ki, işğal olunmuş Azərbaycan ərazisində qondarma və cinayətkar rejimin yaratdığı qurum mifdir. Dördgünlük müharibədə qarşı tərəfin itkiləri arasında bir nəfər də olsun Dağlıq Qarabağ ermənisi yox idi. Çünki “Dağlıq Qarabağ ordusu” mövcud deyil. Orada yalnız Ermənistan silahlı qüvvələri var və torpaqlarımızın 20 faizi bu ölkə tərəfindən işğal olunub. Ona görə də Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, oradan təcavüzə məruz qalaraq məcburən köçkün düşmüş 80 mindən çox azərbaycanlının öz doğma torpaqlarına qayıtmasından sonra Azərbaycan qanunları əsasında keçirilə bilər.
Elçin Əhmədov qeyd edib ki, artıq uzun illərdir Ermənistanda faşizm ideologiyası, nasistlərin qəhrəmanlaşdırılması dövlət səviyyəsində təbliğ edilir. Ermənistanın mərkəzində, digər şəhərlərində, eləcə də bəzi xarici ölkələrdə onlara abidələr qoyulur, küçələrə, meydanlara, təhsil müəssisələrinə və Müdafiə Nazirliyinin hərbi hissələrinə, bir sıra strateji mərkəzlərə onların adı verilir. Bu istiqamətdə kitablar yazılır, filmlər çəkilir, Ermənistanda və erməni lobbisinin ianəsi hesabına bir sıra ölkələrdə təqdimatları keçirilir. Son illərdə Ermənistanın mərkəzində və digər bölgələrində faşist Almaniyasının SS birləşmələrinin generalları - “Njde” ləqəbli Qaregin Ter-Arutyunyan və “Dro” ləqəbli Drasmat Kanayanın heykəllərinin qoyulması məhz faşizmə olan rəğbətin bariz nümunəsidir. Nasizmin qəhrəmanlaşdırılması Ermənistanda son illərdə dövlət səviyyəsində daha açıq şəkildə etiraf edilir. Bu yaxınlarda Ermənistan KİV-ləri tərəfindən aparılmış araşdırma nəticəsində məlum olub ki, bu ölkənin baş naziri Nikol Paşinyanın babası Böyük Vətən müharibəsi zamanı SS sıralarında xidmət edib. Bu faktlar onu təsdiq edir ki, Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi, soyqırımı və işğalçılıq siyasəti 30 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Ona görə də dünya birliyi Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməlidir. Eyni zamanda, münaqişənin sülh yolu ilə həlli üçün BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr əsasında təcavüzkar sülhə məcbur edilməli və açıq-aşkar anneksiya siyasəti yürütdüyünə görə Ermənistana sanksiyaların tətbiq edilməsi ciddi surətdə nəzərdən keçirilməlidir.

 

Daxili siyasət 2020-05-21 14:00:00