×
A
A
A
Sazlamalar

Ekspert: Azərbaycanın texnologiyaların idxalı ilə bağlı böyük potensialı var

Bakı, 21 may, Elvin Camalov, AZƏRTAC

CISCO şirkətinin Azərbaycanla əməkdaşlığa verdiyi önəm ölkəmizin dayanıqlı iqtisadi inkişaf siyasətinin beynəlxalq miqyasda dəyərləndirilməsidir.
Bu sözləri AZƏRTAC-a Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rusiya məktəbinin direktorunun müavini, professor Elşad Məmmədov deyib.
O bildirib ki, Azərbaycan dünya iqtisadiyyatında baş verən yeni texnoloji quruluşun formalaşması və 4-cü sənaye inqilabı ilə bağlı proseslərə olduqca həssas yanaşır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin fəaliyyətə başlamasından sonra ilk qərarlarından biri ölkədə bu istiqamətdə institusional islahatların aparılması idi və 2004-cü ildə Azərbaycanda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılmışdı. Ötən dövr ərzində informasiya və kommunikasiya texnologiyalarının inkişafı istiqamətində müvafiq işlər görülüb, ölkə ərazisinin internetə çıxışı, Azərbaycanda yüksək texnoloji sektora aid infrastrukturun yaradılması ilə bağlı xeyli sayda investisiyalar cəlb edilib. Nəticə etibarilə ölkədə bu istiqamətdə islahatlar dərinləşdirilib, Azərbaycanın apardığı siyasətdəki sabitlik və dayanıqlılıq nəticəsində aparıcı xarici investorların ölkəmizə diqqəti artmağa başlayıb.
E.Məmmədov qeyd edib ki, hazırda dünya iqtisadiyyatında yaranan mürəkkəb şəraitdə CISCO kimi transmilli hesab olunan bir şirkət Azərbaycanla əməkdaşlığa çox böyük önəm verir və ölkəmizə investisiya yatırmaq istiqamətində bu şirkət tərəfindən böyük maraq göstərilir. Bu, ölkəmizin dayanıqlı iqtisadi inkişafa söykənən siyasətinin beynəlxalq miqyasda dəyərləndirilməsidir. İndiki zamanda dünya iqtisadiyyatında xarici investisiyaların xeyli sayda azalması şəraitində Azərbaycana texnologiyaların idxalı siyasəti olduqca vacibdir. Bununla bağlı ölkəmizin böyük potensialı var və texnologiyaların idxalı ilə milli iqtisadiyyatımızın dayanıqlılığının bir qədər də təmin olunması perspektivlidir. Dövlətimizin başçısının da bildirdiyi kimi, bu prosesin baş verməsi üçün daxili iqtisadi idarəetmə siyasəti adekvat olmalıdır, yəni ölkədə makroiqtisadi idarəetmənin bütün komponentləri üzrə düzgün idarəetmə siyasəti yürüdülməlidir.
“Təcrübə göstərir ki, xarici investorlar yüksək texnoloji sektorla bağlı o ölkələrə üz tutur ki, orada daxili investisiya siyasəti adekvat şəkildə həyata keçirilir. Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları sahəsində və yeni texnoloji quruluşun özəyini təşkil edən istiqamətlər üzrə dayanıqlı iqtisadi siyasətin yürüdülməsi və təkrar istehsal komponentləri ilə bağlı inkişafı üçün böyük imkanlar mövcuddur”, - deyə o qeyd edib.

İKT 2020-05-21 14:01:00