×
A
A
A
Sazlamalar

“ADY Express” yeni növ yükləri cəlb etməkdə davam edir

Bakı, 21 may, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC ölkəmizin dəmir yollarında yaradılan geniş imkanlarından istifadə edərək daha bir yeni növ yükü cəlb edib və Azərbaycandan tranzit rejimində nəqlinə nail olub.
MMC-dən AZƏRTAC-a bildirilib ki, şirkət Qazaxıstan və Gürcüstandakı tərəfdaşları ilə Qazaxıstanın Pavlodar şəhərindən Gürcüstanın Poti limanına qədər “Qazaxıstan elektroliz zavodu”na məxsus alüminium yükünü nəql etməyə başlayıb.
“ADY Express”in də operatorluğu ilə Qazaxıstanın Pavlodar-Yujnıy stansiyasında örtülü vaqonlara yüklənən alüminium Kurık limanına yola salınıb. Kurık limanından vaqonlar bərə ilə Ələt limanına çatdırıldıqdan sonra buradan da Gürcüstanın Poti limanına göndərilib. Yük vaqonları ümumi olaraq 4186 kilometr məsafəni qət edərək ünvana çatdırılıb. Yük vaqonlarının tranzit vaxtı (yolda olma vaxtı), havadan asılı olaraq 10-14 gün təşkil edir.
Qeyd edək ki, bu vaxta qədər 326 vaqonla 21 min 488 ton alüminium yükü Qazaxıstandan Poti limanına çatdırılıb. Yaxın zamanda daha 209 vaqonla 13 min 585 ton yükün nəql edilməsi planlaşdırılır. Layihə uzun müddətə nəzərdə tutulub.

 

Nəqliyyat 2020-05-21 12:41:00