×
A
A
A
Sazlamalar

“Bakı Taksi Xidməti”nin avtomobillərində koronavirusla bağlı qabaqlayıcı tədbirlər davam etdirilir

Bakı, 21 may, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Taksi Xidməti” MMC koronavirus infeksiyası ilə mübarizə çərçivəsində paytaxtda xidmət göstərən taksi minik avtomobillərində qabaqlayıcı tədbirləri davam etdirir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sərnişinlərin təhlükəsizliyi istiqamətində zəruri işlər həyata keçirilir. Taksilərdə olan arakəsmələr təmas xəttini minimuma endirir, virus infeksiyasının ötürülməsinin qarşısını alır. Sərnişinlərin avtomobildən istifadə zamanı əllərini spirtləməsi üçün xüsusi aparat yerləşdirilib. Həmçinin taksilərdə 2 nəfərdən çox sərnişinin daşınmasına icazə verilmir.
Virusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə avtomobillər gündəlik dezinfeksiya olunur. Fərdi və kollektiv gigiyena qaydalarına riayət olunması üçün sürücülər antiseptik məhsullarla yanaşı, mütəmadi olaraq tibbi maskalarla təmin edilirlər.
Pandemiyanın bütün dünyada yayıldığı ilk günlərdən “Bakı Taksi Xidməti” MMC-nin tabeliyində olan taksilərdə həm sürücülər, həm də taksidən istifadə edən sərnişinlərin məlumatlandırılması üçün xüsusi lövhələr yerləşdirilib. Həmçinin qurumun əməkdaşlarının maarifləndirilməsi məqsədilə inzibati binanın daxilində məlumat xarakterli lövhələr təşkil olunub.

Nəqliyyat 2020-05-21 11:05:00