×
A
A
A
Sazlamalar

Bakı Nəqliyyat Agentliyi ilə TƏBİB sərnişinlərə tibbi maskalar paylayıb

Bakı, 19 may, AZƏRTAC

İctimai nəqliyyatdan istifadə edən vətəndaşların sanitar-gigiyenik maarifləndirilməsi davam etdirilir. Bu çərçivədə Bakı Nəqliyyat Agentliyi (BNA) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birgə aksiyaya başlayıb.
BNA-dan AZƏRTAC-a bildirilib ki, koronavirus infeksiyasına qarşı dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək xarakteri daşıyan aksiya zamanı nəqliyyat mübadilə mərkəzlərinin ərazisində, dayanacaqlarda və avtobuslarda vətəndaşlara tibbi maskalar paylanılır.
Nəqliyyat könüllüləri tibbi maskalarla yanaşı, vətəndaşlara TƏBİB tərəfindən hazırlanmış İctimai nəqliyyatda və alış-veriş mərkəzlərində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair qaydalar, eləcə də parça maskaların hazırlanmasına dair təlimatla bağlı broşürlər paylayıblar.
Sərnişinlərə COVID-19 infeksiyasının profilaktikasına dair tövsiyələrin, o cümlədən maska taxılmasının, sosial məsafənin qorunmasının və sanitar-gigiyenik qaydalara əməl olunmasının zəruriliyi izah olunub.
İctimai nəqliyyatda maska paylanılması qarşıdakı günlərdə də davam etdiriləcək. Nəqliyyat könüllüləri hər gün səhər və axşam pik saatlarında daha sərnişin axını müşahidə olunan dayanacaq məntəqələrində sərnişinlərə maska və maarifləndirici broşürlər paylayacaq.

Nəqliyyat 2020-05-19 17:58:00