×
A
A
A
Sazlamalar

Donald Trampın məktubu bir daha təsdiqlədi ki, ABŞ Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir

Bakı, 18 may, AZƏRTAC
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi uğurlu xarici siyasət kursu nəticəsində Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulub. Son illər respublikamızın nüfuzlu beynəlxalq qurumların tədbirlərinə ev sahibliyi etməsi onun dünyada getdikcə artan nüfuzunun göstəricisidir. Üç aydan artıqdır ki, dünyada ciddi narahatlıq, təşviş və qorxu yaratmış koronavirus pandemiyası inkişaf etmiş dövlətlərə ağır zərbə vurduğu halda, Azərbaycanın az itki verməklə təhlükəli virusa qarşı ciddi mübarizə aparması beynəlxalq ictimaiyyətin də diqqətindən yayınmayıb. Bu, dünyanın supergücə malik dövləti olan ABŞ-ın Prezidenti Donald Trampın Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda da vurğulanıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Demokratiya və İnsan Haqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Ç.Qənizadə deyib ki, Ağ ev rəhbəri buna qədər də dövlətimizin başçısına ünvanladığı məktublarda ABŞ-ın Azərbaycanla əməkdaşlığını daha da möhkəmləndirməkdə maraqlı olduğunu bildirmişdi. Ümumiyyətlə, ABŞ-ın əksər dövlət rəsmləri Azərbaycanla əlaqələrin bütün sahələr üzrə genişləndirilməsinin tərəfdarı olduqlarını bəyan ediblər. Bunun əsasını ölkəmizin terrorizmə, radikalizmə, ekstremizmə və transmilli mütəşəkkil cinayətkarlığa qarşı əməliyyatlarda fəal iştirakı, Əfqanıstanda və dünyanın digər həssas ölkələrində aparılan sülhməramlı tədbirlərə dəstək verməsi, demokratik ənənələrə sadiqliyi təşkil edir.
Prezident Donald Trampın Prezident İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə ünvanladığı təbrik məktubunda da əməkdaşlığın daha da möhkəmlənməsinin şahidi oluruq. Ağ ev rəhbərinin təbrik məktubu Azərbaycanın suverenliyi və müstəqilliyinin ABŞ tərəfindən güclü şəkildə dəstəkləndiyi ifadəsi ilə başlayır. Bu, ABŞ-ın Azərbaycanın müstəqilliyi və suverenliyi, eləcə də ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına güclü dəstəyi kimi xarakterizə olunur.
Məktubda diqqət çəkən digər bir məqam Ağ ev rəhbərinin beynəlxalq təhlükəsizliyin gücləndirilməsi, Avropanın enerji marşrutlarının və mənbələrinin şaxələndirilməsində Azərbaycanın rolunu və töhfəsini yüksək qiymətləndirməsidir. Donald Tramp bu sahələr üzrə iki ölkə arasında 30 illik əməkdaşlığı xüsusi vurğulayır. Bu fikirlərdən də aydın olur ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadığı artıq dünya birliyi tərəfindən də yüksək dəyərləndirilir. Bununla yanaşı, ABŞ Prezidenti ölkəmizin beynəlxalq sülh, sabitlik və qlobal inkişafa verdiyi mühüm töhfələri də qiymətləndirir.
Son illərin hadisələri də təsdiqləyir ki, Azərbaycanın beynəlxalq aləmdəki reytinqi xeyli yüksəlib. Elə infrastruktur layihələri var ki, onların reallaşdırılmasında mütləq Azərbaycanın razılığı olmalıdır. Bir sıra hallarda ABŞ iri infrastruktur layihələrin reallaşdırılmasında Azərbaycanın təklifini qəbul edir və dəstəkləyir. Avropanın enerji təminatının gücləndirilməsi məqsədilə həyati vacib layihələrdən biri olan Cənub Qaz Dəhlizinin uğurla reallaşdırılmasında ABŞ-ın və şəxsən Prezident Donald Trampın ölkəmizə verdiyi dəstəyi xatırlatmaq yerinə düşərdi. Bu dəstək dünyanın supergücə malik dövlətinin və onun başçısının ölkəmizə inam və etimadının bariz nümunəsidir.
ABŞ Prezidenti məktubunda koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda da Azərbaycanın yanında olduğunu bildirib. Koronavirus kabusu dünyanın başı üzərini alan gündən Prezident İlham Əliyevin qəbul etdiyi mühüm qərarlar nəticəsində respublikamız bu bəladan daha az itki verən dövlətlər sırasındadır. Dövlətimizin başçısı öz humanist siyasətinə sadiq qalaraq, öz ölkəmizlə yanaşı, digər ölkələrə də bu bəladan xilas olunmaq üçün köməyini əsirgəməyib. Bunu Azərbaycan dövlətinin dünyanın bir sıra ölkələrinə humanitar yardım göndərməsi də təsdiqləyir. Belə çətin məqamda Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının təmas qrupu formatında videokonfrans vasitəsilə Zirvə görüşlərinin keçirilməsi və hər iki tədbirin COVID-19 –la mübarizəyə həsr olunması beynəlxalq aləmdə yüksək qiymətləndirilir.
Mayın 15-də CISCO şirkətinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə bu şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer, vitse-prezidenti Qay Ditrix və CISCO rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfrans da xüsusi qeyd edilməlidir. Dünya liderləri, aparıcı biznes, maliyyə institutları, ictimai-siyasi xadimlər tərəfindən Azərbaycan Prezidentinin təşəbbüslərinin təqdir olunması və dövlətimizin başçısının liderlik səylərinin yüksək qiymətləndirilməsi hər birimizdə qürur hissi yaradır.
Xanım Kelli Kramerin “Prezident İlham Əliyev COVID-19 virusu ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında və Qoşulmama Hərəkatının görüşünün təşkil edilməsində liderlik səylərini nümayiş etdirdi”, – fikrini səsləndirməsi dövlətimizin başçısının siyasi fəaliyyətinə verilən yüksək qiymətdir. Onun dediklərindən bir məqamı diqqətə çatdırmaq yerinə düşərdi: “Azərbaycan Prezidenti kimi liderin texnologiyaya belə açıq olması və onun ölkə üzrə tətbiqinə hazır olması məmnunedici haldır. Prezident İlham Əliyev təkcə regionda deyil, dünya çapında texnologiyaya dəstək verən liderlərdəndir”.
Yenidən ABŞ Prezidentinin məktubunda yer alan bəzi məqamlara diqqət çəkək. Bunlardan ən mühümü Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədardır. Ağ ev rəhbəri ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi ABŞ-ın münaqişənin sülh yolu ilə həlli üçün bundan sonra da danışıqların aparılmasına dəstək verəcəyini bəyan etməsi problemin həllində maraqlı olmasından xəbər verir. Əslində, bu məqam bütün vasitələrlə danışıqlardan boyun qaçırmaq istəyən təcavüzkar Ermənistana ciddi mesajdır. Trampın bu fikri həm də Ermənistanın danışıqlar formatının dəyişdirilməsinə cəhd etməsinə yönələn cavabdır. Eyni zamanda, münaqişənin sülh yolu ilə həllinə çağırışdır. Trampın bu məktubu bir daha təsdiqlədi ki, ABŞ ölkəmizlə əməkdaşlığın dərinləşməsi üçün imkan yaradacaq bütün addımları alqışlayır və Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edilir.

Daxili siyasət 2020-05-18 11:06:00