×
A
A
A
Sazlamalar

Donald Trampın məktubu həm də ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə bir dəstək mesajıdır

Bakı, 15 may, Səadət Hakıyeva, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə məktubu iki ölkə arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Deputat qeyd edib ki, Donald Trampın məktubunun Azərbaycanın suverenliyi və müstəqilliyinin ABŞ tərəfindən güclü şəkildə dəstəklənməsi ilə başlaması heç də təsadüfi deyil. Bu məqam ABŞ-ın Azərbaycanın müstəqilliyi və suverenliyi, beləliklə də ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına güclü dəstəyi kimi xarakterizə olunur və bu, bir mesajdır.
Fazil Mustafa bildirib ki, bütövlükdə ABŞ və Azərbaycan bir çox sahələrdə, o cümlədən terrorizmlə mübarizədə fəal əməkdaşlıq edir. Ölkələrimiz arasında enerji, nəqliyyat, infrastruktur, kommunikasiya və digər sahələrdə güclü təmaslar mövcuddur. Ölkəmizin iqtisadi sahədə apardığı layihələr ABŞ tərəfindən daim dəstəklənir. Prezident Donald Tramp beynəlxalq təhlükəsizliyin gücləndirilməsində, Avropanın enerji marşrutlarının və mənbələrinin şaxələndirilməsində Azərbaycanın rolunu və töhfələrini yüksək dəyərləndirir, bu sahələr üzrə iki ölkə arasında 30 illik əməkdaşlığı xüsusilə vurğulayır. Bu da ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğundan xəbər verir.
Fazil Mustafa qeyd edib ki, Azərbaycanın dünyanın supergücü ilə yaxın münasibətdə olması gələcəkdə iki ölkə arasında əməkdaşlıq əlaqələrinin inkişafı üçün böyük imkanlar yaradır. ABŞ Prezidenti Azərbaycanın nüfuzunun kifayət qədər yüksək olduğunu qəbul etdiyinə və Azərbaycan Prezidentinin fəaliyyətini yüksək qiymətləndirdiyinə görə məhz bu cür dostluq və əməkdaşlıq xarakteri daşıyan bir məktub ünvanlayıb və 28 May - Respublika Günü ilə bağlı dövlətimizin başçısını təbrik edib.
“Ölkələrimiz arasında münasibətlərin inkişafının bugünkü problemlərin birlikdə müzakirə olunaraq həllinə öz töhfəsini verəcəyinə inanıram. Düşünürəm ki, ABŞ-Azərbaycan münasibətlərinin bugünkü səviyyəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində mühüm rol oynayacaq. Demək mümkündür ki, ABŞ-ın bu məsələdə daha ədalətli mövqe tutması, hadisələrə beynəlxalq hüquq prizmasından yanaşması baxımından münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağının şahidi ola biləcəyik”, - deyə deputat qeyd edib.

Daxili siyasət 2020-05-15 18:58:00