×
A
A
A
Sazlamalar

Trampın məktubu Azərbaycanın beynəlxalq sülhə, qlobal inkişafa mühüm töhfələrinə verilən yüksək qiymətdir

Bakı, 15 may, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp 1918-ci ildə müstəqillik əldə etmiş Cənubi Qafqaz ölkələri arasında ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanladı. Bu, Donald Trampın Azərbaycana verdiyi önəmin göstəricisidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib.
Politoloq qeyd edib ki, ABŞ Prezidenti təbrik məktubunda Azərbaycanın suverenliyinin və müstəqilliyinin Birləşmiş Ştatlar tərəfindən güclü şəkildə dəstəkləndiyini yazır. Bu məqam ABŞ-ın Azərbaycanın müstəqilliyi və suverenliyi, beləliklə də ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına güclü dəstəyi kimi xarakterizə olunur. Bu, həm də o deməkdir ki, rəsmi Vaşinqton Azərbaycanı Cənubi Qafqazın lider dövləti kimi qəbul edərək həm regional, həm də qlobal problemlərin həllində yaxın tərəfdaş kimi yüksək qiymətləndirir. Eyni zamanda, məktubda enerji və logistik layihələrin dəstəkləndiyi bildirilir. Beləliklə, bu məktub Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq sülh, sabitlik və qlobal inkişafa verdiyi əhəmiyyətli töhfələrə və dövlətimizin beynəlxalq səviyyədə nailiyyətlərinə ABŞ Prezidenti tərəfindən verilən yüksək qiymətdir.
Politoloq qeyd edib ki, rəsmi Bakı xarici siyasət kursunda ABŞ-la münasibətlərə hər zaman xüsusi önəm verir. Ölkələrimiz arasında enerji, nəqliyyat, infrastruktur, kommunikasiya və digər sahələrdə güclü təmaslar mövcuddur. Azərbaycanın Amerika ilə münasibətləri son illərdə strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib. Xəzər hövzəsinin enerji təhlükəsizliyi ABŞ-ın xarici siyasətində prioritetlərdən olduğu üçün ölkəmizin həyata keçirdiyi enerji siyasəti ABŞ-Azərbaycan münasibətlərinin inkişafında təkanverici amilə çevrilib.

Daxili siyasət 2020-05-15 17:43:00