×
A
A
A
Sazlamalar

ABŞ Prezidentinin məktubu Azərbaycanın regional və qlobal proseslərdə oynadığı rola verilən yüksək qiymətdir

Bakı, 15 may, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda iki dövlət arasındakı münasibətlərin inkişaf perspektivlərini, beynəlxalq hüququn norma və prinsiplərini və ölkəmizin maraqlarını ifadə edən kifayət qədər önəmli məqamlara toxunub.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli söyləyib.
Ekspert qeyd edib ki, Donald Trampın məktubunun Azərbaycanın suverenliyi və müstəqilliyinin ABŞ tərəfindən güclü şəkildə dəstəkləndiyi fikri ilə başlaması, ölkəmizin ərazi bütövlüyünün, müstəqil hüququn subyekti kimi beynəlxalq münasibətlər sistemində iştirakının birmənalı şəkildə müdafiə olunmasıdır. Klassik və müasir suverenlik konsepsiyalarına, həmçinin BMT Nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə görə, suverenlik dövlətin bütün əraziləri üzərində daimi və mütləq hakimiyyətə malik olmasıdır. Suverenlik konsepsiyasının başqa bir önəmli prinsiplərindən biri onun bölünməzliyidir. Yəni, konkret halda Azərbaycanın öz əraziləri üzərində mütləq və daimi hakimiyyətə sahib olmasının güclü dəstəklənməsi Azərbaycan ərazilərinin bölünməzliyi prinsipinin dünyanın supergücü tərəfindən birmənalı şəkildə müdafiə olunmasıdır.
Suverenlik konsepsiyasının digər mühüm prinsipi isə dövlətin suverenliyinin öz əraziləri üzərində istisnasız olaraq təmin edilməsidir. Qeyd olunan prinsipin ABŞ Prezidenti tərəfindən Azərbaycanın suverenliyinin dəstəklənməsi çərçivəsində müdafiə edilməsi ölkəmizin Ermənistanın işğalı altında olan əraziləri üzərində istisnasız suverenliyinin təmin olunmasının vacibliyinə işarə kimi qəbul edilməlidir.
Ekspert qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp öz məktubunda beynəlxalq təhlükəsizliyin gücləndirilməsi, Avropanın enerji marşrutlarının və mənbələrinin şaxələndirilməsində Azərbaycanın rolunu və töhfələrini yüksək dəyərləndirir, bu sahələr üzrə iki ölkə arasında 30 illik əməkdaşlığı xüsusi vurğulayır. Bu yanaşma Azərbaycanın məktubda qeyd olunan istiqamətlərdə oynadığı rolun yüksək səviyyədə qiymətləndirilməsi olmaqla yanaşı, ölkəmizin təşəbbüsləri və iştirakı ilə gerçəkləşdirilən, hazırda həyata keçirilən və ya həyata keçirilməsi nəzərdə tutulan bütün enerji layihələrinin, Azərbaycanın bu istiqamətdəki təşəbbüslərinin bundan sonra da dəstəklənəcəyinə münasibətdə ifadə olunan önəmli bir mesajdır.
“Şübhəsiz ki, bu dəstəyin əsasında Azərbaycanın “Əsrin müqaviləsi”ndən başlayaraq həyata keçirdiyi bütün layihələrə münasibətdə öz öhdəliklərinə sadiq qalması da mühüm rol oynayır. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələrin region dövlətlərinin inkişafına və təhlükəsizliyinə verdiyi töhfə də nəzərə alınmalıdır. Enerji təhlükəsizliyi istənilən dövlətin sabit iqtisadi inkişafının, təhlükəsizliyinin təmin edilməsində müstəsna önəm daşıyır. Məhz bu baxımdan, ölkəmizin liderliyi ilə həyata keçirilən enerji layihələrinin regionun və Avropanın təhlükəsizliyinin təmin olunmasında xüsusi əhəmiyyətə malik olduğunu danılması mümkün olmayan bir fakt kimi qeyd edə bilərik” , - deyə ekspert bildirib.
Elçin Mirzəbəyli diqqətə çatdırıb ki, məktubda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq sülh, sabitlik və qlobal inkişafa verdiyi əhəmiyyətli töhfələrin və dövlətimizin beynəlxalq səviyyədə nailiyyətlərinin vurğulanması isə ABŞ-ın dövlət başçısının ölkəmizə və onun liderinə verdiyi yüksək qiyməti ifadə edir.
Məktubda, həmçinin ABŞ və Azərbaycan nəzərdə tutularaq, iki böyük xalq və dövlət ifadəsindən istifadə olunur. Bu, ilk növbədə, ABŞ-ın dövlət başçısı səviyyəsində Azərbaycanın nüfuzlu və güclü dövlət olaraq qəbul edilməsi anlamına gəlir. Azərbaycan xalqına münasibətdə böyük xalq ifadəsinin işlədilməsi də çox böyük məna daşıyan, xalqımızın regionda həyata keçirdiyi və bundan sonra da keçirəcəyi böyük hərəkətverici, tənzimləyici missiyaya verilən yüksək dəyərdir. Bu, eyni zamanda, Azərbaycan və ABŞ arasında yaxın tərəfdaşlıq münasibətlərinin təsdiqi kimi səciyyələndirilməlidir.
“Məktubunun sonunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Donald Tramp ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın münaqişənin sülh yolu ilə dayanıqlı həlli üzrə aparılan danışıqlara dəstəyini davam etdirəcəyini bəyan edir. Danışıqlara dəstək ifadə etməklə Minsk qrupunun həmsədr ölkəsi olan ABŞ Ermənistanın danışıqlar formatının dəyişdirilməsi cəhdlərini birmənalı olaraq rədd edir, işğalçı ölkənin qarşısında manipulyativ və pozucu davranışlara, destruktiv hərəkətlərə son qoyulması tələbini qoyur. Məktubda münaqişəsinin sülh yolu ilə həllinin vacibliyinə vurğu edilməsi isə Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan və qəbul edilən ərazilərinin hərbi işğalının qəbuledilməzliyi və Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən qeyd-şərtsiz çıxarılması tələbidir”, - deyə E.Mirzəbəyli vurğulayıb.
Siyasi ekspert ABŞ Prezidentinin dövlətimizin başçısına ünvanladığı məktubu Azərbaycanın regional və qlobal proseslərdə oynadığı rola verilən yüksək qiymət kimi dəyərləndirib. O, iki dövlət arasındakı münasibətlərin qarşılıqlı faydalılıq prinsipi əsasında bundan sonra da inkişaf edəcəyini, hətta yeni və daha dinamik bir mərhələyə qədəm qoyacağını vurğulayıb.

Daxili siyasət 2020-05-15 16:53:00