×
A
A
A
Sazlamalar

Mənfi ionları ətrafa yayan Himalay duzu

Bakı, 15 may, AZƏRTAC
Dəniz kənarında, dağ ətəklərində insan özünü daha yaxşı hiss edir və həmin mühitdə mənfi ionların olması ovqata müsbət təsir göstərir. Bu baxımdan görünüşü xoş, faydası isə əvəzsiz olan Himalay duz lampaları ətrafda əsl sağlamlıq ab-havası yaradır.
AZƏRTAC xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov deyib: “Himalay duzu yüksək təzyiqin normalaşdırılmasına xidmət edir, böyrəklərdə olan daşları əridir, xərçəng hüceyrələri yaranmasının qarşısını alır. Ətrafa mənfi ionları daha çox yaydığına görə insanlarda əhvali-ruhiyyənin yaxşılaşmasına səbəb olur, stressi aradan qaldırır.
Həmin lampalar həm də ion lampaları da adlanır. Lampa duz parçasını isidir və ətrafa mənfi ionlar yayılır. Nəticədə insan orqanizmi duzun tərkibində olan 84 mineraldan yararlana bilir”.
Onun dediyinə görə, duz lampaları havaya neqativ ion ifraz edən generator hesab olunur: “Müasir dövrdə insanı çoxlu elektrik cihazları əhatə edir və həmin cihazların havaya buraxdığı müsbət ionlar insanlarda fiziki və mənəvi yorğunluq, ruh düşkünlüyü, depressiya, yuxarı tənəffüs yollarının infeksiyalarına qarşı davamsızlıq yaradır”.
Himalay duz lampaları qan dövranının yaxşılaşması, immunitetin güclənməsi, tənəffüs yollarının təmizlənməsi, astma sindromları, allergiyanın azalması və digər xəstəliklər zamanı kömək edir. Həmin lampaları hər büdcəyə uyğun müxtəlif ölçüdə və formada əldə etmək mümkündür.
Hər zaman təbiət qoynunda vaxt keçirmək mümkün olmasa da, Himalay duzu sayəsində təbiəti qismən də olsa evimizə gətirmək olar.

Sağlamlıq klubu 2020-05-15 16:46:00