×
A
A
A
Sazlamalar

Kamran Bayramov: Azərbaycanın əməkdaşlıq əzmi Aİ Şurası tərəfindən ölkəmizin mənafelərinə tam uyğun sənədin qəbulunu şərtləndirib

Bakı, 15 may, AZƏRTAC

Mayın 11-də Avropa İttifaqının Şurası tərəfindən 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı siyasəti ilə bağlı yekun qərar dərc edilib. Bu sənədin qəbulu Azərbaycanın uğurlu xarici siyasətinin bariz təzahürüdür, həmçinin Avropa İttifaqının Azərbaycan ilə əksər sahələrdə əməkdaşlıq etməkdə olduqca maraqlı olduğunu göstərir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
Deputat deyib: “Ümumilikdə, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı hələ 1999-cu ildən başlayıb, tərəflər arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalanıb və uğurla həyata keçirilib, siyasi dialoqun dərinləşməsi və ikitərəfli əməkdaşlığa yeni təkan verilməsi məqsədilə Azərbaycan və Avropa İttifaqı arasında yeni çərçivə sazişinə dair danışıqlar aparılmaqdadır. Eyni zamanda, Avropa İttifaqının ən etibarlı tərəfdaşlarından biri olmaqla Azərbaycan Respublikası iqtisadiyyat, enerji təhlükəsizliyi, idarəçilik, multikulturalizm və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirir. Ölkəmizin Avropa Qonşuluq Siyasətinə qoşulması ikitərəfli əməkdaşlıqda irəliyə doğru mühüm addım olub. Bu təşəbbüs daha yüksək səviyyəli siyasi və iqtisadi inteqrasiyanı nəzərdə tutub və tərəfdaşlığın gələcək inkişafı baxımından yeni bir mərhələ olub. Bu təşəbbüs çərçivəsində Tvinninq, Texniki yardım və Məlumat mübadiləsi (TAİEX), Büdcəyə dəstək, Tempus, Erasmus Mundus kimi proqramlar həyata keçirilib”.
Kamran Bayramov qeyd edib ki, Şərq Tərəfdaşlığı proqramı Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətləri daha yüksək səviyyəyə qaldırıb, mövcud əməkdaşlıq ikitərəfli və çoxtərəfli formatda davam etdirilərək genişləndirilib. Məhz Azərbaycanın Şərq Tərəfdaşlığı təşəbbüsündə fəal iştirakı, əməkdaşlıq əzmi və niyyəti, mayın 11-də Avropa İttifaqının Şurası tərəfindən ölkəmizin maraq və mənafelərinə tam cavab verən sənədin qəbulunu şərtləndirib.

Daxili siyasət 2020-05-15 12:11:00