×
A
A
A
Sazlamalar

Sabunçu rayonunda karantin qaydalarını pozan şəxs saxlanılıb VİDEO

Bakı, 14 may, AZƏRTAC 

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları qanunsuz yolla əldə etdiyi və üzərində leytenant xüsusi rütbəsi olan hərbi formanı geyinərək karantin qaydalarını pozan şəxsi saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakıxanov qəsəbəsi ərazisində sanitar-karantin rejimi ilə əlaqədar xidmət apararkən polislər hərbi geyimli bir nəfərin qeyri-adekvat hərəkətlərindən şübhələnərək ona yaxınlaşıblar. Özünü hərbi qulluqçu kimi təqdim edən həmin şəxsin üzərində bunu təsdiq edən heç bir sənədi olmadığından o, polis idarəsinə dəvət edilib. İdarədə araşdırma zamanı həmin şəxsin Saatlı rayon sakini, Sabunçu rayonunda müvəqqəti yaşayan Elçin İsmayılov olduğu müəyyənləşib. O, izahatında karantin rejiminin qaydalarını pozmaq və şəhər ərazisində sərbəst şəkildə hərəkət etmək üçün qeyri-qanuni yolla əldə etdiyi xüsusi formanı geyindiyini və heç bir hərbi birləşmənin əməkdaşı olmadığını bildirib.
Elçin İsmayılovun törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün barəsində toplanan materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, bir ay müddətinə inzibati qaydada həbs edilib.

Hadisə 2020-05-14 16:56:00

Video