×
A
A
A
Sazlamalar

Paytaxtda apteklərdən çoxsaylı oğurluq və soyğunçuluqlar edən şəxs saxlanılıb

Bakı, 13 may, AZƏRTAC 

Paytaxtda apteklərdən oğurluq və soyğunçuluq yolu ilə kütləvi şəkildə talançılıq əməlləri törətməkdə şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, paytaxtın Nərimanov, Nəsimi, Yasamal, Xətai rayonlarında apteklərdən uşaq qidaları oğurlayan Bakı şəhər sakini Gündüz Əsədpur Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub. O, ifadəsində apteklərdən oğurluq əməlləri törətdiyini etiraf edib. Saxlanılan şəxs məhz uşaq qidaları oğurlamasını onunla əsaslandırıb ki, karantin şəraitində aptek sahibləri şikayətçi olmayacaq və hər kəsin onun evində azyaşlı uşağının ac olmasına görə bu addımı atdığını düşünəcək. Amma özünə məxsus mopedlə paytaxt küçələrində dolaşaraq oğurluq edən Gündüz Əsədpur subaydır. O, uşaq qidalarını müxtəlif şəxslərə sataraq aldığı pulla istifadəsi üçün şəxsiyyəti istintaq tərəfindən araşdırılan mənbələrdən narkotik vasitələr əldə edib.
Qeyd edək ki, saxlanılan şəxs şübhəni yayındırmaq üçün müxtəlif vaxtlarda mopedin konstruksiyasına dəyişikliklər etməklə rəngləyib.
Onun barəsində Cinayət Məcəlləsinin oğurluq və soyğunçuluq maddələri ilə cinayət işi açılıb, ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Gündüz Əsədpurun əməllərindən zərərçəkən başqa şəxslər varsa, 102 - Zəng Mərkəzinə və ya Bakı Şəhər Baş Polis İdarəsinə (590-68-81) müraciət edə bilərlər.

Hadisə 2020-05-13 16:44:00