×
A
A
A
Sazlamalar

Yevlaxda silsilə quldurluqlar edən şəxslər saxlanılıblar

Bakı, 12 may, AZƏRTAC 

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları mart və aprel aylarında tənha yaşayan yaşlı sakinlərə qarşı quldurluq edərək pullarını ələ keçirən dəstə üzvlərini saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, əvvəlcədən əlbir olub mütəşəkkil dəstə şəklində fəaliyyət göstərən şəxslər tənha yaşayan yaşlı sakinlərə zor tətbiq edərək pullarını talayıblar. Belə ki, onlar martın 12-də 1943-cü il təvəllüdlü Ş.Cəbrayılovanın 600 manat pulunu, aprelin 5-də 1961-ci il təvəllüdlü M.İbrahimovun 8600 manat pulunu və aprelin 28-də 1942-ci il təvəllüdlü Z. Məmmədovanın 1000 manat pulunu quldurluq yolu ilə ələ keçiriblər.
Həmin cinayət əməllərini törətməkdə şübhəli bilinən rayon sakinləri Ceyhun Qaçayev, Emin İsmayılov, Elçin Rzayev və əvvəllər məhkum edilmiş Amil Qənbərov Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. Dəstənin digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Faktlarla bağlı saxlanılan şəxslər barəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir. Həmin şəxslərin digər analoji cinayətlər etdiyi də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat verə bilərlər.

Hadisə 2020-05-12 16:53:00