×
A
A
A
Sazlamalar

İki bəşəri missiya müəllifi - Heydər Əliyev

Bakı, 10 may, AZƏRTAC

Hər bir insan dünyaya göz açmadan öncə Tanrı onun alnına taleyini yazır və çiyninə məsul bir missiya yükləyir. Lakin bəzi seçilmiş insanları Allah bir neçə missiya ilə taclandırır. Bu fərq də hər insana nəsib olmur. İllərin axışı, tarix və zaman kimin bu taca layiq olduğunu sübut edir. Bəli, Heydər Əliyev məhz o seçilmiş bəndələrdən idi. O mənada ki, Heydər Əliyev, sadəcə, müstəqil Azərbaycanı qurmaqla kifayətlənməyib, xalqına özündən sonra da yaratdığı, memarı olduğu Azərbaycanı layiqli şəkildə idarə edəcək miras qoyub.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib.
Şəbnəm Həsənova bildirib ki, “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”, - deyən ulu öndər Heydər Əliyev bütün ömrünü xalqına həsr etməklə, onun səsinin dünyanın ən yüksək tribunalardan gəlməsinə nail olmaqla əsaslı bir məktəbin təməlini qoydu. Bu gün hər bir Azərbaycan gənci o şərəfli məktəbin layiqli şagirdi olmaq uğrunda əzmlə çalışır. Bu sözlər hər bir Azərbaycan vətəndaşının zehninə həkk olunmuşdur, böyükdən-kiçiyə hər kəs üçün yaddaş kitabçası rolunu oynayır. Bu fikirlər insan ömrünün özünü xalqına, dövlətinə, onun parlaq gələcəyinə ruhlandıran əsas düstur, onu işıqlı sabahlara səsləyən ən başlıca şüarlardan biridir.
Azərbaycançılıq məfkurəsinin müəllifi, müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyev Azərbaycanı bütün dünyaya tanıdıb, ölkəmizə əbədi müstəqillik bəxş edib, Vətənimizi oddan-alovdan, təhlükələrdən xilas edib. Ən önəmlisi isə məhv olmağın astanasında dayanan xalqımızın milli qürurunu özünə qaytarıb.
Bu gün Prezident İlham Əliyev yürütdüyü uğurlu daxili və xarici siyasətlə Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısıdır. 1990-cı illərin tarixin uçqunlarının altında qalmış Azərbaycanı, onun qələbə məşəlini zirvələrə qaldıran ümummilli lider Heydər Əliyev oldu, o məşəli zirvədə böyük bir əzmkarlıqla və daim parlaq yanmasını təmin etməklə tutan məhz Prezident İlham Əliyevdir. Bu gün Azərbaycan həyəcanla və təşvişlə “Sabah necə olacaq?” sualına yox, “Gələcəyimi necə daha parlaq edə bilərəm?” sualına əminliklə cavab axtarır.

Daxili siyasət 2020-05-10 11:41:00