×
A
A
A
Sazlamalar

İran qəzetində Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məqalə dərc olunub

Tehran, 10 may, AZƏRTAC

Təbrizdə nəşr olunan “Sorxab” qəzetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə bağlı məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Ulu Öndərin həyat və fəaliyyəti barədə oxuculara geniş məlumat verilir. Qeyd olunur ki, Heydər Əliyevin müdrik dövlət xadimi kimi fəaliyyət göstərdiyi dövr Azərbaycan tarixinin ən parlaq səhifələrini təşkil edir. Onun müəyyənləşdirdiyi prinsiplər bu gün də Azərbaycan Respublikası həyatının bütün sahələrində uğurla reallaşdırılır və məhz bunun nəticəsində Azərbaycan dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləyir. Bütün dünyada nüfuzlu siyasi xadim kimi tanınan Heydər Əliyev Sovetlər Birliyi kimi nəhəng dövlətin rəhbərliyində təmsil olunmaqla fitri istedadı və şəxsi nüfuzu ilə hər zaman fərqlənib. O, ilk azərbaycanlı, eləcə də ilk müsəlman idi ki, belə bir zirvəyə yüksələ bilmişdi. Heydər Əliyev Moskvada işlədiyi və yaşadığı illərdə də həmişə Azərbaycan xalqı ilə həmrəy olmuş, onun problemləri ilə yaxından maraqlanmışdır.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciənin ertəsi günü özünün və ailə üzvlərinin həyatının təhlükədə olmasına baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə getmiş, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edən bəyanat səsləndirməklə öz xalqı ilə əsl həmrəylik nümayiş etdirmişdir. Eləcə də Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
Həyat və fəaliyyəti böyük dövlətçilik məktəbi olan Heydər Əliyev gərgin əməyi nəticəsində əldə etdiyi bütün bu bilik və təcrübələrini sonrakı illərdə Azərbaycan Respublikasının müstəqilliyinin qorunub saxlanılmasına sərf etmişdir. Ulu Öndər ötən əsrin 90-cı illərinin əvvəllərində təhlükə ilə üzləşmiş Azərbaycanı nicat yoluna çıxara bilmişdir. Müstəqilliyin qorunmasının onun əldə edilməsindən qat-qat çətin olduğunu deyən Heydər Əliyev bu ağır vəzifənin öhdəsindən layiqincə gəlmişdir. Ulu Öndər ölkəyə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirmişdir. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaratdığı çətinliklərə baxmayaraq, ölkə iqtisadiyyatını dirçəltmiş, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirmiş, beynəlxalq əlaqələrini möhkəmləndirmişdir. Düşünülmüş xarici siyasət kursu Azərbaycan üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratmışdır. Onun müəyyənləşdirdiyi xarici siyasət kursunda qonşu dövlətlərlə, o cümlədən İran İslam Respublikası ilə mehriban münasibətlər və sıx əməkdaşlıq əlaqələri xüsusi yer tutmuşdur. Sağlam zəmin üzərində inşa edilmiş ikitərəfli münasibətlər bu gün də hər iki ölkənin siyasi rəhbərliyinin iradəsi ilə uğurla davam etdirilməkdə və mövcud əməkdaşlıqların əhatə dairəsinin müxtəlif formatlar çərçivəsində daha da genişləndirilməsinə rəvac verməkdədir. Ümid edirik ki, Azərbaycanla İran arasında ikitərəfli və çoxtərəfli formatda davam edən əlaqələr bundan sonra da inkişaf edəcək və hər iki ölkənin mənafeyinə xidmət edəcək.
Məqalədə deyilir: “Artıq 17 ildir ki, ulu öndər Heydər Əliyevin ad günü özü cismən dünyada olmadan qeyd olunur. Buna baxmayaraq, hər il Heydər Əliyev fenomeni daha aydın dərk edilir və onun Azərbaycan dövlətçiliyi naminə xidmətləri daha dərindən başa düşülür. Tam əminliklə deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində hər zaman yaşayacaq”.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Daxili siyasət 2020-05-10 11:07:00