×
A
A
A
Sazlamalar

Milli Məclisin növbəti plenar iclası keçirilib

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, bugünkü iclasımız həm kədərli, həm də əlamətdar hadisələr ərəfəsində keçirilir. Bu gün, mayın 8-də Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 28-ci ildönümü tamam olur. Şuşa şəhərinin işğalı Dağlıq Qarabağ bölgəsini Azərbaycandan qoparıb Ermənistana birləşdirmək və yerli azərbaycanlı əhalini ata-baba torpaqlarından qovub çıxarmaq üçün həyata keçirilən hərbi təcavüzün bir mərhələsini təşkil etmişdir. Tarixən bütün Qarabağ bölgəsinin mərkəzi şəhəri olan Şuşanın işğalı ilə erməni şovinistləri Azərbaycanın böyük bir bölgəsinin tam etnik təmizlənməsini başa çatdırmışlar.
Sədr diqqətə çatdırıb ki, Ermənistandan və Azərbaycanın işğal edilmiş ərazilərindən didərgin salınmış 1 milyondan çox soydaşımızın 22 min nəfəri Şuşa sakinidir. Onlardan biri bu gün bizimlə bərabərdir. Əsra Məmmədli Şuşada doğulmasa da, ruhən Şuşaya bağlıdır və doğma yurdunun həsrəti ilə yaşayır.
Milli Məclisin iclasında çıxış edən şuşalı qız Əsra Məmmədli deyib:
“Mən Şuşadanam. Atam da, anam da, babam da, ulu babalarım da Şuşadandır. Babalarımın əcdadları da Şuşadandır. Amma təəssüf ki, mən Şuşada doğulmamışam. Nəinki doğulmamışam, heç Şuşanı görməmişəm də. Sizcə, bu necə hissdir? Mən Şuşamız barədə yalnız ata-anamın və nənə-babalarımın dedikləri qədər bilirəm. Bu isə o deməkdir ki, mən də atam və ulu babalarım qədər şuşalıyam. Bilirəm ki, məni çox yaxşı anlayırsınız. Amma məni hiss etməyinizi istəyirəm. Mənim səsimi dünyaya çatdırın.
- Çatdırın ki, mənim çəkdiyim bütün ağrı-acını, yaşadığım hissləri digər ölkələr də yaxşı anlasınlar, yaxşı duysunlar.
-Qoy duysunlar ki, şuşalı olub Şuşanı görməmişəm.
-Şuşalıyam, fəqət anam mənə Şuşada layla oxumayıb.
- Şuşalıyam, lakin Cıdır düzündə, gül-çiçəklər arasında ayaqyalın qaçmaq da mənə nəsib olmayıb.
-Şuşalıyam, Şuşanın qarlı, dumanlı dağlarını görməmişəm.
-Şuşalıyam, Şuşanın bulaqlarının suyunu içməmişəm.
-Şuşalıyam, Xarı bülbülün çiçək açmasını görməmişəm.
-Şuşalıyam, Şuşada Qarabağ şikəstəsini eşitməmişəm.
-Hiss edirsiniz məni? Qoy dünya da anlasın və hiss etsin ki, Şuşa mənim doğma torpağımdır. Qoy hamı anlasın və hiss etsin ki, Şuşa Azərbaycandır! Qarabağ Azərbaycandır! Torpaq isə müzakirə olunmur”.
Sonra çıxış edən Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və qətiyyətli siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyünün tezliklə bərpa ediləcəyinə, bütün Qarabağ bölgəsinin, o cümlədən onun nadir incisi olan Şuşa şəhərinin işğaldan azad ediləcəyinə, qaçqın və köçkün soydaşlarımızın doğma yurdlarına qayıdacağına, bölgədə uzunmüddətli möhkəm sülh bərqərar olacağına əminliyini ifadə edib.
Daha sonra Şuşa şəhərinin müdafiəsi zamanı həlak olmuş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Sədr diqqətə çatdırıb ki, mayın 9-da biz faşizm üzərində Qələbənin 75 illiyini qeyd edəcəyik. Qələbənin əldə edilməsinə Azərbaycan xalqı böyük töhfələr vermişdir. Sədr Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bir çıxışında söylədiyi fikri xatırladıb: “Tarix bu gün də bilməlidir ki, Azərbaycanın İkinci Dünya müharibəsində xidmətləri, fəaliyyəti və rolu çox böyük olmuşdur”.
Sədr əlavə edib ki, müharibə dövründə Azərbaycandan 680 mindən çox adam cəbhəyə çağırılmışdı. Onların 40 min nəfəri cəbhəyə könüllü getmişdi. 320 minə qədər həmvətənimiz döyüş meydanlarından geriyə qayıtmamışdır. Müharibə illərində əsgərlərimiz böyük qəhrəmanlıq göstərmişlər. 400 mindən çox azərbaycanlı döyüş ordenləri və medalları ilə təltif edilmiş, 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Azərbaycanda 5 milli diviziya təşkil edilmişdi. Bu diviziyalardan biri – məşhur 416-cı Azərbaycan Taqanroq diviziyası Berlinə ilk daxil olan hərbi birliklərin sırasında olmuşdur. Azərbaycanın oğul və qızları faşizmə qarşı müqavimət hərəkatında da fəal iştirak etmişlər. Onlar müxtəlif ölkələrdə partizan dəstələrində vuruşmuşlar. Təkcə Fransanın antifaşist hərəkatında 3 mindən çox azərbaycanlı iştirak etmişdir. Müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı ordunun ehtiyaclarına uyğunlaşdırılmışdı. Bakıdan cəbhəyə 75 milyon ton neft və 22 milyon ton benzin göndərilmişdi. O dövrdə döyüşlərdə iştirak edən hər beş təyyarədən, tankdan, avtomaşından və hərbi gəmidən dördü Azərbaycanda istehsal edilmiş yanacaqla işləyirdi. Azərbaycan müəssisələrində 130 növ silah, sursat və başqa hərbi ləvazimat istehsal edilirdi.
Sahibə Qafarova deyib ki, bu gün müharibə veteranları cəmiyyətimizin ən hörmətli üzvləri kimi dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunublar. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə onlara, eləcə də müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına və arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə mütəmadi maddi yardım verilir. Bununla yanaşı, müharibə veteranları mənzil və fərdi minik avtomobilləri ilə təmin olunur və digər güzəştlərdən istifadə edirlər.
Milli Məclisin Sədri Qələbə günü münasibətilə müharibə veteranlarını, bütün xalqımızı təbrik edib, İkinci Dünya müharibəsində qəhrəmanlıqla vuruşmuş, arxa cəbhədə fədakarlıq göstərmiş Azərbaycan xalqının oğul və qızlarına minnətdarlıq edib. O deyib ki, biz möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yaxın zamanda Azərbaycan tarixinə yeni bir qələbə gününün, erməni faşizminin məğlub edilməsi, Qarabağın azad edilməsi, haqq-ədalətin bərpa olunması ilə bağlı bayram gününün daxil olacağına əminik.
Daha sonra Sahibə Qafarova bildirib ki, may ayının 10-da ulu öndər Heydər Əliyevin anadan olmasının 97 illiyi tamam olacaq. Heydər Əliyev Azərbaycan xalqının öz tarixi ərzində yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Xalqımızın yaradıcı zəkasını və enerjisini təcəssüm etdirən Ulu Öndər millətimizin şərəf və ləyaqət rəmzinə çevrilib. Onun sayəsində xalqımız əvvəlcə dövlət müstəqilliyinin möhkəm təməlini yaratmış, sonra isə müstəqil milli dövlətçiliyini qoruyub saxlamış və ardıcıl inkişaf yoluna çıxarmışdır. 1960-cı illərin axırlarında və 1990-cı illərin əvvəllərində Ulu Öndərin hakimiyyətə hər iki gəlişi ölkəmizin və xalqımızın çox ağır sınaqlara çəkildiyi dövrlərə təsadüf etmişdir. Hər dəfə də Heydər Əliyev ona bəslənən ümidləri doğruldaraq xilaskarlıq və quruculuq missiyasını uğurla həyata keçirmiş və əsl milli lider olduğunu sübuta yetirmişdir.
Sədr diqqətə çatdırıb ki, Ulu Öndərin zəhmətinin bəhrəsi olan müstəqil Azərbaycan dövləti bu gün etibarlı əllərdədir, başladığı bütün işlər eyni əzm və iradə ilə davam etdirilir. Möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətlərindən birinə çevirib.
Azərbaycanın xoşbəxt gələcəyi İlham Əliyev tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasi xətti ilə bağlıdır. Ulu Öndərin qüdrətli zəkasından güc almış inkişaf strategiyası İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqillik yollarında ardıcıl irəliləməsini, xalqımızın daha firavan günlərə qovuşmasını təmin edir.
Sonra iclasın gündəliyi təsdiqlənib. Çıxış edən deputatlar Fazil Mustafa, Musa Quliyev, Jalə Əliyeva, Soltan Məmmədov, Qənirə Paşayeva, Tahir Kərimli, Siyavuş Novruzov, Naqif Həmzəyev, Sahib Alıyev, Məlahət İbrahimqızı və Cavid Osmanov cari məsələlər barədə fikirlərini bildirib, qeyd və təkliflərini veriblər.
Daha sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov "GUAM – Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın Nizamnaməsində dəyişikliklər edilməsi haqqında" Protokolun təsdiq edilməsi barədə qanun layihəsi haqqında məlumat verib. Bildirib ki, qanun layihəsindəki texniki dəyişikliklər bu quruma üzv ölkələrin konstitusiyalarında edilmiş dəyişikliklərlə bağlıdır.
Müzakirələr zamanı Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynlinin, deputatlardan Fazil Mustafa və Sabir Rüstəmxanlının fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
"Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında" qanun layihəsini (üçüncü oxunuş) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov təqdim edib. Bildirib ki, qanun layihəsinin birinci və ikinci oxunuşlarından sonra layihəyə bəzi redaktə xarakterli dəyişikliklər edilib və sənəd üçüncü oxunuşa hazırdır. Sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.
Parlamentə eyni zərfdə daxil olmuş növbəti iki qanun layihəsi koronavirus pandemiyasından irəli gələn məsələlərlə əlaqədar idi. Əvvəlcə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) məlumat verib. Bildirib ki, dəyişiklik 30-dan çox sahə və fərdi peşə sahiblərinin sığorta haqlarının pandemiya və post pandemiya dövründə 2026-cı ilə qədər xeyli azaldılması, onların sosial müdafiəsinin və məşğulluğunun təmin olunması məqsədini daşıyır.
Layihə səsə qoyulub və üçüncü oxunuşda qəbul edilib.
Digər məsələ isə Vergi Məcəlləsində dəyişiklik edilməsinə dair qanun layihəsi (üçüncü oxunuş) idi. Komitə sədri Tahir Mirkişili bildirib ki, təklif edilən dəyişikliklər koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) bir sıra istiqamətləri əhatə edən vergi güzəştlərinin və tətillərinin verilməsini nəzərdə tutur.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
"Hərbi qulluqçuların statusu haqında", "İnzibati icraat haqqında", "Təhsil haqqında" və "Elm haqqında" Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə"də və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi barədə (üçüncü oxunuş) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verərək qeyd edib ki, Azərbaycanda elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılmasını təkmilləşdirmək və elmi tədqiqatların səviyyəsini yüksəltmək məqsədilə Prezidentin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə “Elmi dərəcələr verilməsi qaydası haqqında” və “Elmi adlar verilməsi qaydası haqqında” əsasnamələr təsdiq edilib. Mövcud layihə həmin Fərmanda nəzərdə tutulmuş məsələlərlə bağlıdır və üçüncü oxunuşa hazırdır.
Sənəd səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Uşaq hüquqları haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında", "Gənclər siyasəti haqqında", "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında", "Könüllü fəaliyyət haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Reklam haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (üçüncü oxunuş) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev məlumat verib.
Qeyd edilib ki, sənədlərə təklif olunan düzəlişlər “Gənclər siyasəti haqqında” Qanuna dəyişiklik edilməsi barədə” 2019-cu il 5 mart tarixli 1524-VQD nömrəli qanuna uyğunlaşdırma məqsədi daşıyır.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Televiziya və radio yayımı haqqında", "Azərbaycan Respublikasında dövlət dili haqqında" və "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məlumat verib. Bildirib ki, dəyişiklik zərurəti Azərbaycanın dövlət dilinin tətbiqinə nəzarətin və dil normalarının qorunmasının təmin edilməsi vacibliyindən irəli gəlir. Qanun layihəsinin ictimai müzakirəsi də keçirilib və bir sıra məsələlərə aydınlıq gətirilib.
Müzakirələr zamanı millət vəkilləri Siyavuş Novruzov, Nizami Cəfərov və Qüdrət Həsənquliyevin fikirləri dinlənilib və qanun layihəsi səsə qoyularaq təsdiqlənib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev, Milli Məclisin komitə sədrləri Qənirə Paşayeva və Zahid Oruc İnzibati Xətalar Məcəlləsində və 1996-cı il 17 mart tarixli 74-IQ nömrəli qanunla təsdiq edilmiş “Milli Məclisin Daxili Nizamnaməsi”ndə, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında sənədlərin üçüncü oxunuşu barədə məlumat veriblər. Bildirilib ki, bu dəyişikliklər “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Prezident Fərmanı ilə əlaqədardır. Deputatlar Tahir Kərimli, Aydın Hüseynov və Qüdrət Həsənquliyevin fikirləri dinlənildikdən sonra sənədlər səsə qoyularaq üçüncü oxunuşda təsdiqlənib.
İclasda Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim etdi. Bildirib ki, dəyişikliklər “Reklam haqqında” Qanuna edilmiş 2019-cu il 5 mart tarixli dəyişikliyin tətbiqi ilə əlaqədardır.
Layihə səsə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.
Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Sığorta fəaliyyəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə məlumat verib. Bildirib ki, layihə “Aqrar sığorta” haqqında Qanuna uyğunlaşdırma xarakteri daşıyır.
Layihə səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (ikinci oxunuş) Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Bildirib ki, dəyişikliyin mahiyyəti məhkəmə qərarı ilə hüquqi şəxslərin ləğvi və yenidən yaradılması ilə bağlı məlumatların dövlət reyestrində yerləşdirilməsindən ibarətdir.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "İstehsalat və məişət tullantıları haqqında", "Heyvanlar aləmi haqqında", "Ekoloji təhlükəsizlik haqqında", "Bələdiyyələrin su təsərrüfatı haqqında" və "Ətraf mühitə dair informasiya almaq haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) müzakirəyə təqdim edib. Bildirib ki, bu dəyişiklik “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanuna uyğunlaşdırma məqsədilə hazırlanıb.
Layihə barədə Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynlinin, Sədr müavini Fəzail İbrahimlinin, deputat Razi Nurullayevin fikirləri dinlənildikdən sonra layihə ikinci oxunuşda qəbul edilib.
"Təhsil haqqında" və "Dövlət rüsumu haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (ikinci oxunuş) Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev məlumat verib. Bildirib ki, bu dəyişiklik Prezident İlham Əliyevin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli fərmanına uyğun olaraq hazırlanmışdır. Həmin fərmana əsasən Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradılmış və onun nizamnaməsi təsdiq edilmişdir. “Təhsil haqqında” Qanuna təklif olunan dəyişikliklər də bununla bağlıdır. “Dövlət rüsumu haqqında” Qanuna təklif olunan dəyişikliklər isə “Təhsil haqqında” qanuna təklif olunan dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır.
Layihə səsə qoyularaq ikinci oxunuşda təsdiqlənib.
Azərbaycan Respublikasının Mülki Məcəlləsində və Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (ikinci oxunuş) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov məlumat verib.
Layihə səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (ikinci oxunuş) məlumat verən Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişiklik birdəfəlik və çoxdəfəlik elektron vizaların verilmə müddətinin qısaldılmasını özündə ehtiva edir.
Bu dəyişiklik də ikinci oxunuşda təsdiqlənib.
"Turizm haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (ikinci oxunuş) Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Bildirib ki, bu dəyişiklik də turistlərə elektron vizaların verilməsinin asanlaşdırılması üçün hüquqi əsas yaradır. Layihə barədə deputatlar Nigar Arpadarai və Müşfiq Cəfərovun fikirləri dinlənildikdən sonra sənəd səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
İclasın sonunda Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Qiymətləndirmə fəaliyyəti haqqında" və "İcra məmurları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) də müzakirə olunub.
Layihəni təqdim edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə bildirib ki, dəyişiklik 2018-ci il dekabrın 28-də qəbul edilmiş “İcra haqqında” qanuna uyğunlaşdırma məqsədi daşıyır.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin iclası başa çatıb.

Daxili siyasət 2020-05-08 19:07:00