×
A
A
A
Sazlamalar

Beynəlxalq Din Azadlığı üzrə ABŞ Komissiyasının riyakar hesabatı: qərəzliliyin yeni pandemiyası

Bakı, 8 may, AZƏRTAC
Amerika Birləşmiş Ştatları hər il dünya ölkələrində dini durumla bağlı müxtəlif hesabatlar hazırlayır. Bu hesabatlardan biri də Beynəlxalq Din Azadlığı üzrə ABŞ Komissiyasının hesabatıdır. Ümumilikdə hesabata 29 ölkə ilə bağlı məlumatlar daxil edilib.
2020-ci ildə dərc olunmuş hesabata əvvəlki illərdə təqdim edilən hesabatlarla müqayisədə metodoloji baxımdan bir sıra yeniliklər əlavə olunub. Bütün bunları nəzərə alaraq hesabatla bağlı iki əsas məqamı: hesabatın metodologiyasında mövcud olan problemləri, eləcə də Azərbaycanın həmin hesabatda yer almasının qərəzli və ədalətsiz olduğunu oxuculara çatdırmaqdır.
AZƏRTAC xəbər verir ki, bu fikirlə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Rəfi Qurbanovun məqaləsində yer alıb.
Məqalədə qeyd edilir ki, Azərbaycan 2019-cu ilin iyul ayında ilk dəfə olaraq, ABŞ Dövlət Departamenti tərəfindən təşkil olunan dini azadlıqların inkişaf etdirilməsi üzrə toplantıda iştirak edib. Toplantıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının iştirakı ilə Narahatlıq Bəyanatlarının (9 narahatlıq meyarı müəyyən edilib) 4-ü (Burma/Myanmaya dair bəyanat, İbadət yerlərinin qorunmasına dair bəyanat, Din və ya etiqada hörmətə dair bəyanat və Müxtəlif dinlərin nümayəndələrinin qeyri-dövlət aktorları, xüsusilə terrorist qruplaşmaları tərəfindən istismarına dair bəyanat) imzalanıb.
Hesabatı bir sıra məqamlara görə qərəzli və qeyri-şəffaf hesab edirəm. Bu məqamlardan biri ABŞ-la siyasi dialoqun zəif və ya heç olmamasının (bir çox hallarda “düşmən” elan olunan ölkələr) nəticəsində ölkələrlə bağlı məlumatların qərəzli verilməsi və ya verilməməsidir. Buna misal kimi, hesabatda müsəlman ölkələrinin çoxluq təşkil etməsini göstərmək olar. Halbuki İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslamofobiya ilə bağlı hesabatında müsəlmanlara qarşı təqiblərin hər keçən gün artdığını göstərən dinamikaya baxdıqda vəziyyətin tam fərqli mənzərəsini görürük. Sanki hesabatda göstərilməyə çalışılır ki, İslam dini digər dinlərə qarşı repressiv mövqedədir. İkincisi, ancaq xristianlar daha çox təqibə məruz qalan kontingent kimi göstərilir. Bununla bağlı Din və ya Etiqad Azadlığı Qurbanlarının Siyahısına baxa bilərsiniz (Freedom of Religion or Belief Victims List). Üçüncüsü, Prezidentə, Konqresə və Dövlət katibinə müvafiq tövsiyələr verən komissiya üzvlərinin bir çox hallarda hər hansısa dini təşkilatın rəhbərlərindən təyin edilməsidir ki, bu da öz növbəsində hesabatın obyektivliyini kölgə altına salır. Dördüncüsü, komissiya üzvlərinin ölkələrlə bağlı yazdığı rəylərin bir çox hallarda tam şəkildə qərəzli olmasıdır. Bunun da səbəbi ölkələr üzrə kurator olan komissiya üzvlərinin həmin ölkələrdə olmaması, yerdəki vəziyyəti tam bilməməsidir (baxmayaraq ki, ABŞ-ın həmin ölkələrdə fəaliyyət göstərən səfirliyi bu işdə kifayət qədər rol oynayır). Buna misal kimi, Azərbaycan nümunəsini göstərmək olar. Builki hesabatda ilk dəfə olaraq (ən azından 2017-2019-cu illərdəki hesabatlarda yox idi) Azərbaycana dair hissədə komissiya üzvünün şəxsi rəyi yer almışdır. Qeyd edim ki, ölkəmizlə bağlı xüsusi rəy yazan komissiya üzvü Coni Mur 2019-cu ildə ölkəmizdə səfərdə olmuşdur.
Azərbaycanın Beynəlxalq Din Azadlığı üzrə ABŞ Komissiyasının 2020-ci il hesabatına salınmasını qərəzli və ədalətsiz hesab edirəm. Sözügedən komissiya tərəfindən din azadlığı üzrə hesabat hazırlanarkən iki beynəlxalq sənəd - Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt əsas götürülür.
Həmin sənədlərin müvafiq müddəalarına əsasən dünya ölkələri üzrə dini etiqad azadlığının pozulması halları şərh edilir və hesabata daxil olunur. Ancaq bir çox hallarda sözügedən sənədlərin müddəalarının pozulmasının müşahidə olunduğu bir sıra ölkələr, məsələn, Fransa, Gürcüstan və Ermənistan kimi ölkələr belə hesabatlarda yer almır. Bu baxımdan, istərdim ki, ölkəmizlə həmin hesabata daxil edilməyən region ölkələrinin dini etiqad azadlığı ilə bağlı durumunu müqayisə edim: baxmayaraq ki, Azərbaycan dövlət səviyyəsində hər hansı dinə xüsusi imtiyaz verməyib, məsələn, dövlət dini kimi elan etməyib. Azərbaycan Respublikasının Konstitusiyasına görə, Azərbaycan dünyəvi dövlətdir və bütün dinlər bərabərdir;
Baxmayaraq ki, ölkəmiz regionda və beynəlxalq arenada istər dinlərarası, istərsə də mədəniyyətlərarası dialoqun təşviqi və gücləndirilməsi sahəsində təşəbbüskar dövlət kimi tanınır və qəbul edilir;
Baxmayaraq ki, ölkəmizdə fəaliyyət göstərən bütün dini icmalar sərbəst və rahat şəkildə öz etiqadını yaşayır və dövlət onların maddi texniki bazasının güclədirilməsi üçün hər il maliyyə yardımı ayırır;
Baxmayaraq ki, ölkəmizdə müxtəlif dinlərin nümayəndələri dini simvollarla (Kippa, niqab, çadra, başörtüsü, xaç və s.) rahat şəkildə küçədə gəzir;
Baxmayaraq ki, dövlət-din münasibətləri qarşılıqlı dialoq şəraitində inkişaf etdirilir. Buna misal kimi, dövlətin müvafiq institusional bazasını (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və s.) göstərə bilərik ki, dövlət bu strukturlar vasitəsilə daim həmin kontingentlə dialoq qurur və onların problemlərini həll edir;
Siyahını uzatmaq da olar. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan sözügedən hesabata dini etiqad azadlığının pozulduğu ölkə kimi salınır. Bunun əksinə olaraq, region ölkələrindən Ermənistan və Gürcüstan həmin siyahıda yer almır.
Baxmayaraq ki, adıçəkilən hər iki ölkədə dövlət tərəfindən elan edilmiş rəsmi din var. Bu da öz növbəsində, həmin ölkələrdə yaşayan digər dinin, əsasən qeyri-xristianların (xristianların) hüquqlarının pozulması deməkdir. Çünki rəsmi şəkildə tanınmış dövlət dininə xüsusi imtiyazlar verir. Məsələn, orta məktəblərdə həmin dinin məcburi şəkildə keçirilməsi buna nümunədir (bu nümunə daha çox Ermənistan nümunəsinə xasdır). Dövlət səviyyəsində dini kimliyi daha çox qabardaraq digər azlıqlara qarşı ayrı-seçkiliyi təşviq etmiş olur.
Baxmayaraq ki, Ermənistanda dini icmaların qeydiyyatdan keçməsi üçün yetkinlik yaşına çatmış 200 nəfər vətəndaş tələb olunur. Bu da öz növbəsində, davamçıları 200 nəfərdən az olan dini nümayəndələrin rəsmi şəkildə qeydiyyatdan keçməməsi deməkdir. (Azərbaycanda 50 nəfər tələb olunduğu halda);
Baxmayaraq ki, dövlət rəsmi şəkildə dövlət dini elan edilmiş dinə tam dəstək verir və ancaq həmin dini icmalarla dialoq qurur;
Baxmayaraq ki, mövcud institusional baza - müvafiq dövlət orqanları ancaq qeyri-dövlət dini icmalarla dialoqda maraqlı deyil;
Baxmayaraq ki, ən çox azlıq dini nümayəndələri dövlət tərəfindən təqib olunur və s;
Bu kimi faktların siyahısını uzatmaq olar. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın bu hesabata salınması qərəzli və ədalətsizdir. Eyni zamanda, qeyd olunur ki, hesabata salınmayan və dini etiqad azadlığının pozulduğu ölkələrdə mövcuddur. Sadəcə sual doğuran məqam ondan ibarətdir ki, niyə həmin ölkələr hesabata daxil edilmir?! Məncə, cavab aydındır.

Din 2020-05-08 12:30:00