×
A
A
A
Sazlamalar

“Azərkosmos” Yaxın Şərq və Avropa regionlarında rabitə xidmətləri təqdim edəcək

Bakı, 6 may, AZƏRTAC

“Azərkosmos” ASC Birləşmiş Ərəb Əmirliklərinin peyk şəbəkəsi üzrə xidmətlər həyata keçirən “TheAngle” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
ASC-dən AZƏRTAC-a bildirilib ki, müqaviləyə əsasən, “Azərkosmos” və “TheAngle” şirkəti Yaxın Şərq və Avropa regionlarında etibarlı rabitə – internet, şəbəkə, səs, video, mobil və digər data xidmətləri təqdim edəcək.
Qeyd edək ki, sözügedən şirkət Yaxın Şərq və Avropa regionlarında telekommunikasiya sahəsində genişzolaqlı peyk xidmətləri və çoxsaylı peyk tətbiqləri təklif edir.
“TheAngle” ilə davamlı əməkdaşlığımız peyk bazarında mövcudluğumuzu gücləndirəcək və bizə daha çox müştəriyə xidmət etmək imkanı verəcək”, – deyə “Azərkosmos”un baş kommersiya direktoru Mark Qusriye bildirib.
"Bu əməkdaşlıq Yaxın Şərqin enerji sektorunda şirkətimizin peyk xidmətləri üzrə etibarlı provayder mövqeyini daha da möhkəmləndirəcək", – deyə “TheAngle” şirkətinin baş direktoru Hassam Karim qeyd edib.
Qeyd edək ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. “Azərkosmos” telekommunikasiya peyki olan “Azerspace-1”, Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky” və “Azerspace-2”nin operatorudur.

 

İKT 2020-05-06 14:47:00