Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Tovuzda dələduzluq edən şəxs saxlanılıb

Bakı, 6 may, AZƏRTAC

Tovuz rayonunda vətəndaşın etimadından sui-istifadə etməklə dələduzluq yolu ilə onu işə düzəltmək adı altında aldadan və maddi vəsaitini ələ keçirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının rayon sakinindən daxil olan müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş, Ağcabədi rayon sakini, 36 yaşlı Zaur Sadıqov saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, Z.Sadıqov bir neçə ay əvvəl Tovuz rayonu ərazisində rayon sakinini işlə təmin edəcəyinə söz verərək onu dələduzluq yolu ilə aldadıb. Hələlik polisə rəsmi şəkildə müraciət edən bir zərərçəkəni bu üsulla aldadan Z.Sadıqov ümumilikdə onun min manata yaxın pulunu ələ keçirdiyini etiraf edib.
Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, 102 - Zəng Mərkəzinə, Tovuz Rayon Polis Şöbəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2020-05-06 12:45:00