×
A
A
A
Sazlamalar

Ramil Həsən: Azərbaycan Prezidenti bölgədə, eləcə də dünyada böhranın idarə edilməsində və pandemiyaya qarşı mübarizədə həlledici rol oynayır

Bakı, 4 may, AZƏRTAC

Azərbaycan dövləti və Prezident İlham Əliyev koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində qlobal arenada bu mübarizənin uğurla nəticələnməsi üçün mühüm platformalarla çıxış edir. Dövlətimizin başçısı koronavirusla mübarizə çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı, Türk Şurası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İttifaqının fəaliyyətdə olan sədri, eləcə də bir sıra ölkələrin rəhbərləri ilə ikili və çoxtərəfli danışıqların bilavasitə iştirakçısı və təşəbbüskarı olub.
Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı Ramil Həsən deyib.
Ramil Həsən bildirib ki, dünyada baş verən qlobal dəyişikliklər, ekoloji fəlakətlər, nəticə etibarilə, böhran dönəmini meydana gətirməkdədir. Böhran dönəmində idarəetmə mexanizmi və liderlik qabiliyyəti ən əsas amillərdən biridir ki, bu amillərin sayəsində o ölkə həmin bəlalardan qurtula bilsin. Pandemiyanın yayıldığı ilk vaxtlardan Azərbaycanda əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin ən yüksək səviyyədə təmin edilməsi, ölkəmizin minimal zərərlə bu bəladan qurtulması ilə bağlı Prezident İlham Əliyev tərəfindən atılan addımlar liderliyin əsas məqamlarından biridir. Eyni zamanda, tibb personalının çevik formada hazır vəziyyətə gətirilməsi, qısa müddətdə mərhələlərlə sosial təcrid prosesinin həyata keçirilməsi də mühüm amillər sırasındadır.
“Böhran dönəmində doğru qərarlar qəbul etmək bacarığı, müdrik, düşünülmüş və uzaqgörən addımların atılması xalqımızı bu bəladan qurtarmağın ən əsas nüanslarından biridir. Bəşəriyyətdə baş verən proseslər göstərir ki, tarixdə o liderlər iz qoyurlar ki, onlar ən çətin dönəmlərdə vətəndaşlarının yanında olur və xalq üçün xilaskarlıq missiyasını yerinə yetirirlər. Bu baxımdan, Prezident İlham Əliyev həqiqətən Azərbaycan xalqı üçün qəhrəman lider, müdrik şəxsiyyət kimi tarixə öz adını qızıl hərflərlə yazıb. Pandemiyaya qarşı mübarizə çərçivəsində qəbul edilən bütün qərarlar, atılan addımlar, eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktorunun dövlətimizin başçısına məktub göndərməsi, ölkəmizin verdiyi dəstəyə görə təşəkkür etməsi, görülən işləri təqdir etməsi və dünya üçün Azərbaycan modelinin tətbiq edilməsinin nə qədər vacib olduğunu vurğulaması Azərbaycan Prezidentinin, sadəcə, ölkəmiz və regionumuz üçün deyil, qlobal mənada bütün dünyada qəbul edilən nüfuzlu bir lider olduğunu təsdiq edir. Bizim üçün qürurverici haldır ki, vətəndaşı olduğumuz Azərbaycanın cənab İlham Əliyev kimi lideri var”, - deyə Ramil Həsən vurğulayıb.
Deputat söyləyib ki, Prezident İlham Əliyevin atdığı düşünülmüş və konkret addımlar Azərbaycan vətəndaşını qoruyur. Eləcə də dünya miqyasında koronavirusla mübarizədə bir sıra ölkələrə kömək göstərilməsi beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu yaxınlarda Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının Zirvə görüşünün keçirildiyini xatırladan Ramil Həsən sammit zamanı qəbul edilən qərarların böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Zirvə görüşündə koronavirusla mübarizədə ortaq əməkdaşlıq, nəqliyyat dəhlizləri, yükdaşımaların asanlaşdırılması, tibb personalının əməkdaşlığı, təcrübə mübadiləsi, bunun ardınca türkdilli dövlətlərin nəqliyyat və səhiyyə nazirlərinin videoformatda görüşü, bu görüşlərə ÜST və Macarıstanın iştirakı vacib amillərdir. Bu görüşlərdə postpandemiya dövrü üçün də mühüm məsələlər müzakirə olunub.
Ramil Həsən onu da qeyd edib ki, Azərbaycan hazırda dünyanın ikinci böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik edir və Prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də pandemiya ilə mübarizəyə həsr olunmuş təşkilatın videoformatda Zirvə görüşünün keçirilməsi qərarı dövlətimizin başçısının liderlik keyfiyyətlərini bir daha önə çıxarır. “Beləliklə, ən çətin dövrlərdə idarəetmənin başında olmaq və liderlik keyfiyyətləri sayəsində ölkə vətəndaşlarının sağlamlığının qorunması, pandemiya dövründə irihəcmli sosial-iqtisadi paketin icra olunması və s. addımlar tarixi addımlardır. Bütün bunlar göstərir ki, böhranın idarə edilməsində liderlik keyfiyyətləri inanılmaz rola malikdir və Azərbaycan Prezidentinin bu keyfiyyətləri tarixi qiymətini almaqdadır. Prezident İlham Əliyev dünya üçün güclü şəxsiyyət, güclü lider olaraq tarixə keçib. Azərbaycan cəmiyyəti olaraq bizlər cənab Prezidentin ətrafında sıx birləşməli, onun siyasətini birmənalı şəkildə dəstəkləməli və üzərimizə düşən məsuliyyəti dərk edərək qayda-qanunlara əməl etməliyik. Eyni zamanda, ətrafımızdakı insanları da buna çağırmalıyıq ki, görülən işlər qısa müddətə nəticə versin”, - deyə deputat vurğulayıb.

Daxili siyasət 2020-05-04 14:23:00