×
A
A
A
Sazlamalar

Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurası böhranla mübarizədə beynəlxalq koordinasiyalı mərkəzə çevrilib

Bakı, 2 may, AZƏRTAC

Məlum olduğu kimi, aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuşdu. Qeyd etmək lazımdır ki, bu, dünya miqyasında dövlət başçıları səviyyəsində pandemiya ilə bağlı Zirvə görüşünü keçirən ilk beynəlxalq tədbir kimi tarixə düşdü. İclasda Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və Macarıstanın Baş Naziri Viktor Orban iştirak ediblər.
Milli Məclisin deputatı Ramil Həsənin AZƏRTAC-a təqdim etdiyi məqalədə Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının böhranla mübarizədə beynəlxalq koordinasiyalı mərkəzə çevrilməsindən bəhs edilir.
Məqalədə deyilir ki, Zirvə görüşündə bilavasitə pandemiyaya qarşı mübarizə çərçivəsində iqtisadi, sosial və humanitar sahələrdə əməkdaşlıq prinsipləri, həyata keçirilən addımlar, təhlükəsizliyin və sağlamlığın qorunması, həmçinin pandemiya sonrası iqtisadi tənəzzüldən qurtulmaq üçün atılacaq addımlar geniş müzakirə olunub. Ölkə rəhbərlərinin qəbul etdikləri qərara əsasən, koronavirus pandemiyası ilə mübarizə istiqamətində səylərin birləşdirilməsi məqsədilə ötən həftə, aprelin 28-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan səhiyyə nazirləri və Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu direktorunun iştirakı ilə Türk Şurasının səhiyyə nazirləri, daha sonra, aprelin 30-da isə Türk Şurasının nəqliyyat sahəsi üzrə məsul nazirləri arasında videokonfrans keçirilib.
Müəllif qeyd edir ki, bu toplantılar çərçivəsində bir daha böyük platforma olaraq Azərbaycan Prezidentinin yaratdığı və təşəbbüskarı olduğu bu mexanizmin nə qədər səmərəli, nə qədər vacib, nə qədər lazımlı olduğu və krizis dövründə idarəedilmə mexanizmi üçün nə qədər əhəmiyyətli olduğu bir daha ön plana çıxıb.
Türk Şurasının səhiyyə nazirlərinin ilk toplantısında səhiyyə sahəsindəki əməkdaşlıq, koronavirusla bağlı üzv ölkələrin həyata keçirdiyi lokal və qlobal fəaliyyət, birgə əməkdaşlıq prinsipləri, səhiyyə sahəsində təcrübə mübadiləsi, eyni zamanda, koronavirusa qarşı mübarizə və ümumiyyətlə, tibbi sahədə əməkdaşlıqla bağlı həkimlərin mübadilə proqramı, həmçinin mütəxəssislərin mübadilə proqramı, tikilən və tikilməkdə olan tibbi cihazların istehsalı zavod və fabrikləri üçün lazım olan xammalların bir-birilərinə ötürülməsi, satışının və təminatının həyata keçirilməsi, eyni zamanda, səhiyyə nazirliklərimiz vasitəsilə ölkələrimizdə qurulmuş krizis mərkəzlərinin (Azərbaycanda bunun adı Nazirlər Kabineti yanında Operativ Qərargah olaraq müəyyən olunub) və digər ölkələrdəki krizis mərkəzlərinin birgə fəaliyyətinin koordinasiya edilməsi, əhalinin sağlamlığının təmin olunması ilə bağlı atılan addımların paylaşılması və vətəndaşlarımızın qorunması ilə bağlı alınacaq bir çox qərarlar burada öz əksini tapıb.
Həmçinin videokonfrans zamanı səhiyyə nazirləri ortaq sağlamlıq infrastrukturu sərmayələri, test dəstləri, əsas tibbi avadanlıqların istehsalı, maskalar, dərman məhsulları, vaksin inkişafı kimi sahələrdə əməkdaşlıq etmək üçün "Təchizat Zənciri Qrupu"nun yaradılmasını da vurğulayıb. Eyni zamanda, yuxarıda göstərilən sahələrin istehsalına cavabdeh olan dövlət və özəl bölmələr arasında əməkdaşlıq qurmaq üçün xüsusi bir biznes forumu təşkil etmək qərarına gəlinib.
Yuxarıda qeyd olunduğu kimi, ikinci önəmli toplantı isə Türk Şurasının Nəqliyyat və Rabitə nazirliklərinin toplantısı olub. Bu toplantıda da çox mühüm məsələlər, koronavirusa qarşı mübarizə istiqamətində sərhədlərin bağlanması və karantin rejiminin tətbiqi ilə bağlı ortaya çıxmış müəyyən maneələrin ortadan qaldırılması, yükdaşımalarının, eyni zamanda, əhalinin ərzaq təminatının iqtisadi və sosial sahə ilə bağlı lazım olan resursların daşınması, sərhəd-keçid buraxılış məntəqələrində və hava limanlarında sadələşdirilmiş və sürətli əməkdaşlıq mexanizminin həyata keçirilməsi əsas müzakirə mövzuları olub. İclasda iştirak edən nazirlər bu sahədə Türk Şurasının xüsusi önəmini vurğulayıblar. Bütün üzv ölkələrin nəqliyyat koridoru vasitəsilə həm öz ölkələrinə aid olan yüklərin, həm də Asiyadan Avropaya, Avropadan Asiyaya və dünya miqyasında pandemiya çərçivəsindəki bütün çətinliklərə baxmayaraq daşımalarda bütün lazımi şəraitin yaradıldığı ön plana çıxıb. Əlbəttə ki, nəqliyyat sahəsi çox önəmli sektordur. Məlum olduğu kimi, xüsusilə karantin rejimində aviauçuşların dayandırılması, sərhədlərin bağlanması həm əhalinin məşğuliyyətinə, həm də iqtisadiyyatın fəaliyyətinə ciddi zərbə vurub. Bu iqtisadi tənəzzülün qarşısının alınması və eyni zamanda, daşımalar vasitəsilə zəruri malların, ərzaq və enerji daşımalarının sərhədlərdən rahat şəkildə keçidini təmin etməklə üzv ölkələrimiz çox aktiv və dinamik rol oynamaqdadırlar.
Eyni zamanda, pandemiya dövründə Transxəzər dəhlizi boyunca zəruri malların – ərzaq məhsulları, dərman və tibbi ləvazimatların maneəsiz daşınmasının və təchizat zəncirinin kəsintisiz fəaliyyətinin təmin edilməsi üçün lazımi praktik tədbirlərin müzakirəsi aparılıb. Qeyd olunan praktik tədbirlərə, yükdaşımaların asanlaşdırılması istiqamətində üzv ölkələr tərəfindən müvafiq tədbirlərin görülməsi, eyni zamanda, humanitar mallar, zəruri istehlak malları, dərman və tibbi ləvazimatları daşıyan yük maşınlarının sərhəd-nəzarət məntəqələrindən keçidinin asanlaşdırılması üçün praktik kömək göstərilməsi və bu sahədə yarana biləcək problemlərlə bağlı informasiya mübadiləsinin aparılması daxildir. Eyni zamanda, pandemiya dövründə yarana biləcək məsələlərin çevik həlli, nəqliyyat və logistikanın səmərəli əlaqələndirilməsi üçün tərəflərin nəqliyyata məsul nazirlikləri arasında operativ işçi qrupun yaradılması, Transxəzər Dəhlizi boyunca tərəflər arasında təmassız xarici ticarət və multimodal nəqliyyat sistemlərinin inkişaf etdirilməsi də praktik tədbirlər sırasında yer alır.
Həmçinin postpandemiya dövründə tərəflər arasında gələcək əməkdaşlıq üzrə müxtəlif təkliflər səsləndirilib. Türkiyə tərəfi rəqabətədavamlı və ortaq tariflərin tətbiq olunması ilə bağlı əməkdaşlığın inkişaf etdirilməsi təklifi ilə çıxış edib. Özbəkistan tərəfi isə Daşkənd-Karakalpakiya-Aktau-Bakı-Tbilisi-Qars-İstanbul multimodal nəqliyyat dəhlizinin işə salınması və birgə istifadəsini, həmçinin pandemiyanın yaratdığı məhdudiyyətləri nəzərə alaraq, Türk Şurası çərçivəsində ərzaq, tibb məhsulları və digər zəruri malların tranzit daşımalarında “yaşıl dəhlizlər”in səmərəliliyinin artırılması üçün əlavə tədbirlərin görülməsini təklif edib.
Məqalədə vurğulanır ki, bütün bu proseslərin sürətli şəkildə həyata keçirilməsi, asanlaşdırılmış rejimə keçirilməsi, bürokratik əngəllərin tamamilə minimuma endirilməsi ilə bağlı atılan qətiyyətli addımlara görə üzv ölkələrin nəqliyyat nazirləri ölkə rəhbərlərinə və xüsusilə fəaliyyətdə olan sədr olaraq Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.
Nəticə etibarilə, alınan bütün qərarlar ona gətirib çıxarır ki, Türk Şurası krizislə mübarizədə koordinasiyalı bir mərkəzə çevrilib və üzv ölkələr arasında əlaqələrimizin daha sürətli şəkildə həyata keçirilməsi, iqtisadi və sosial sabitliyin saxlanılması, vətəndaşlara lazımi dəstəklərin verilməsi, nəqliyyat sektorunda baş verəcək bütün çətinliklərin aradan qaldırılması, həm bizim limanlarımızın, həm dəmir yolu strukturlarının, həm avtomobil nəqliyyat vasitələrinin, sərhəd-keçid məntəqələrinin və hava limanları vasitəsilə tranzit yüklərin daşınması üçün lazımi şəraitin yaradılması bir daha vurğulanıb.
Qeyd olunanların hər biri Azərbaycan Prezidenti İlham Əliyevin Türk Şurasının fəaliyyətdə olan sədri kimi beynəlxalq münasibətlər sistemində krizis dövründə operativ və sürətli qərar vermək qabiliyyətini və xüsusi liderlik keyfiyyətlərini bir daha ön plana çıxarıb. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus və Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti Azərbaycan Prezidenti ilə keçirilən videokonfranslar zamanı və ya ayrıca məktublar vasitəsilə pandemiyaya qarşı mübarizə istiqamətində atılan qətiyyətli addımlara və çevik fəaliyyətə görə cənab İlham Əliyevə xüsusi təşəkkürlərini ifadə ediblər. Onlar koronavirusa qarşı mübarizə sahəsində Azərbaycan modelini dünya ictimaiyyətinə bir nümunə olaraq qiymətləndiriblər.
Müəllif yazır ki, krizis idarə edilməsi sistemində Azərbaycan Prezidentinin qətiyyətli, unikal qabiliyyətə və bacarığa sahib olması, liderlik xüsusiyyətləri dövlətimizin başçısının həm öz ölkəsində, həm də qlobal miqyasda baş verən problemlərə qarşı mübarizədə addımlarının nə qədər önəmli olduğunu da vurğulayır. Yəni, müdrik bir lider və krizis idarəetmə sistemində unikal bir rəhbər və şəxsiyyət.
Sonda bir daha vurğulamaq lazımdır ki, yuxarıda qeyd olunan və atılan bütün addımlar türkdilli dövlətlər arasında əlaqələrin inkişafına xüsusi töhfə verib və bu proses davam edəcək.

Daxili siyasət 2020-05-02 12:31:00