Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyasının növbəti illik hesabatında Azərbaycanla bağlı məlumat dərc olunub

Bakı, 29 aprel, AZƏRTAC
ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyası (USCIRF) növbəti illik hesabatını yayıb.
AZƏRTAC xəbər verir ki, hesabatda ABŞ Dövlət Departamentinin xüsusi nəzarət üçün təklif edilən ölkələr siyahısına Azərbaycanın adı da əlavə edilib. Siyahıda, həmçinin Türkiyə, Qazaxıstan, Özbəkistan, İndoneziya, Malayziya, Cənubi Afrika Respublikası və bir sıra ölkələrin adları yer alıb. Qeyd olunmalıdır ki, həmin komissiya öz fəaliyyətində bir sıra ölkələrə qarşı qərəzli yanaşma ilə seçilir.
Hesabatda dini azadlıqların qorunması sahəsində Azərbaycanın qonşu ölkələrdən daha çox nailiyyətlər əldə etdiyi qeyd olunub. Bununla yanaşı, ötən illərdə olduğu kimi, bu il də hesabatın Azərbaycana dair hissəsində bəzi qeyri-obyektiv və həqiqəti əks etdirməyən məqamlar öz əksini tapıb.
Ötən il də olduğu kimi, Komissiyanın 9 üzvündən biri Coni Mur bu qərəzli yanaşma ilə razılaşmayaraq öz xüsusi rəyini açıqlayıb və bu mövqe hesabata daxil edilib.
Coni Mur Azərbaycanın adının bu hesabata daxil edilməsini düzgün hesab etməyib. O Azərbaycanda sünni və şiə məzhəbinə aid nümayəndələrin birlikdə ibadət etdiklərini, Yevangelist və Rus Pravoslav nümayəndələrinin birlikdə dini ayinləri icra etdiklərini, yəhudi icmasının tam azad və təhlükəsiz şəraitdə yaşadığını qeyd edib. Həmçinin C.Mur Azərbaycan əhalisinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, hindu liderlərinin Azərbaycanda qonaq edildiklərini, İsraillə ictimai və diplomatik əlaqələrinin olmasını xüsusi qeyd edib. Sonda o, Ermənistanla Azərbaycan arasında sülhün tezliklə əldə olunmasının zəruriliyini qeyd edib.
C.Murun sözügedən prinsipial və obyektiv mövqeyi USCIRF-in illik hesabatının əlavəsi kimi dərc edilib.

Din 2020-04-29 18:48:00