×
A
A
A
Sazlamalar

Heç bir siyasi partiyaya mənsub olmayan deputatların onlayn iclası keçirilib

Bakı, 21 aprel, AZƏRTAC

Aprelin 21-də Milli Məclisin Sədri Sahibə Qafarovanın iştirakı ilə heç bir siyasi partiyaya mənsub olmayan deputatların onlayn iclası keçirilib.
Milli Məclisin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, parlamentin Spikeri deputatlara tövsiyələrini verib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra Milli Məclis Sədrinin müavini Adil Əliyev çıxış edərək deyib ki, VI çağırış Milli Məclisdə heç bir siyasi partiyaya mənsub olmayan deputatlar say etibarilə Yeni Azərbaycan Partiyasının üzvlərindən sonra ikinci böyük qrupdur. O, parlament rəhbərliyində partiya mənsubiyyəti olmayan deputatların təmsilçisi kimi həmkarları ilə fikir mübadiləsi aparmağa xüsusi önəm verdiyini söyləyib. Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasındaki nitqində irəli sürülən tövsiyələrə uyğun olaraq partiya mənsubiyyəti olmayan deputatların da ölkəmizdə islahatların hüquqi bazasının genişlənməsi, Azərbaycan qanunvericiliyinin daha da təkmilləşməsi istiqamətində görüləcək işlərdə fəallıq göstərəcəyi vurğulanıb. Tədbirdə deputatlar günün aktual məsələlərindən söhbət açıblar, qanunvericiliklə bağlı təkliflərini diqqətə çatdırıblar.
İlk onlayn iclasda ətraflı müzakirə olunan mövzulardan biri də ölkəmizdə koronavirus epidemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlərlə bağlı olub. Bu məsələ ilə əlaqədar bildirilib ki, hazırda bütün bəşəriyyət, o cümlədən Azərbaycan koronavirusla mübarizəni davam etdirir. Ölkəmizdə virusa yoluxanların sayı getdikcə azalır, müalicə olunaraq sağalanların sayı isə günbəgün artır.
Qeyd edilib ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət, son iki ayda həyata keçirilən dövlət tədbirləri, atılan qətiyyətli addımlar Azərbaycanı bir sıra ölkələrin üzləşdiyi çətinliklərdən sığortalayıb. Ciddi tədbirlər görülməsəydi, vəziyyət nəzarətdən çıxa bilərdi. Dövlət başçısının da vurğuladığı kimi, Azərbaycan bu sınaqdan da üzüağ çıxacaq.

Daxili siyasət 2020-04-21 20:15:00