×
A
A
A
Sazlamalar

İnanırıq ki, indiyə qədər olduğu kimi, Prezidentimizin rəhbərliyi ilə bu sınaqdan da şərəflə çıxacağıq

Bakı, 16 aprel, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş onlayn müşavirədə bu ilin üç ayı ərzində görülən işlər geniş müzakirə olundu, eləcə də dövlətimizin başçısı qarşıda duran vəzifələrlə bağlı hökumət qarşısında konkret vəzifələr qoydu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev müşavirədə koronavirusla mübarizə tədbirləri, pandemiyanın genişlənməməsi üçün qabaqlayıcı tədbirlər, sosial-iqtisadi durum, belə bir şəraitdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, eləcə də ictimaiyyəti maraqlandıran məsələlərlə bağlı fikirlərini diqqətə çatdırdı. Dövlətimizin başçısı qətiyyətlə bildirdi ki, iqtisadi fəallıq və əhalinin sağlamlığı arasında seçim olarsa, onun seçimi insanların sağlamlığıdır. Biz bir daha qürur duyuruq ki, insanların sağlamlığını və təhlükəsizliyini özünün başlıca amalı hesab edən liderimiz var. “Ümumiyyətlə, cənab Prezident müşavirədə bir neçə istiqamətdə öz fikirlərini açıq şəkildə ifadə etdi. Birincisi, Azərbaycanda iqtisadi, sosial və siyasi inkişaf proseslərinin paralel davam etdirilməsi, ikincisi, əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin olunması, üçüncüsü, beynəlxalq müstəvidə fəaliyyət, ölkəmizin beynəlxalq təşkilatlarla münasibətləri, ikili standartlara qarşı mübarizə tədbirləridir. Eləcə də öz dövlətinə qarşı çıxan radikal müxalifətin, xaricdəki sapı özümüzdən olan baltaların, “5-ci kolon”un çirkin fəaliyyətinə qarşı mövqeyimizin ortaya qoyulmasıdır”, - deyə R.Həsən qeyd edib.
Milli Məclisin deputatı söyləyib ki, “5-ci kolon”, xaricdəki radikal ünsürlər koronavirus pandemiyasından istifadə edərək ölkəmizdə qarışıqlıq yaratmaq istəyir. Onların belə fəaliyyəti bütün dəyərlərə və əxlaqa zidd addımdır. Dövlətimizin başçısının təşəbbüsü ilə ölkəmizin vətəndaşları imkan daxilində sosial qayğıya ehtiyacı olan insanlara yardımlar göstərirlər ki, bu çətin sınaqdan şərəflə çıxaq. Əlbəttə ki, dövlətimiz bu istiqamətdə bütün zəruri tədbirləri görür, vətəndaşların bu təşəbbüsləri isə dövlətimizin gördüyü işlərə əlavə dəstəkdir. Yəni, ölkə vətəndaşlarının bu həmrəyliyinin fonunda radikal müxalifətin əməlləri ikrah doğurur. Təbii ki, onların arasında dayanan xarici qüvvələr var. Avropa Şurası kimi qurumlardakı antiazərbaycançı mərkəzlər onlardan alət kimi istifadə edirlər. Həmin Avropa Şurası, AŞPA ki, işğalçı Ermənistanın Dağlıq Qarabağdakı seçki şousuna münasibət bildirmədi. Halbuki digər beynəlxalq təşkilatlar qondarma “seçkiləri” tanımadıqlarını bəyan etdilər. Amma Avropa Şurası və onun məruzəçiləri ölkəmizə qarşı böhtan xarakterli sənədlər və bəyanatlar qəbul edirlər. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, bu sənədlər kağız parçasından başqa bir şey deyil. Radikal müxalifət ünsürləri isə məhz həmin təşkilatlardakı antiazərbaycançı dairələrin sifarişlərini yerinə yetirirlər. “Biz xalqın əleyhinə mübarizə aparan bu ünsürlərin əməllərinə qarşı öz mövqeyimizi ortaya qoymalıyıq. Bu, bizim mənəvi borcumuzdur. Bu ünsürlərin çirkin fəaliyyəti qəbulolunmazdır və xalqımız onları rədd edir. Xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşib və bu birlik sarsılmazdır. Hazırda dövlətimiz, cəmiyyətimiz koronavirusla mübarizəyə səfərbər olunub. İnanırıq ki, indiyə qədər olduğu kimi, Prezidentimizin rəhbərliyi ilə bu sınaqdan da şərəflə çıxacağıq”, - Ramin Həsən vurğulayıb.

Daxili siyasət 2020-04-16 12:37:00