×
A
A
A
Sazlamalar

Azərbaycan dövlətinin indiki çətin vəziyyətdən çıxmağa hesablanmış aydın konsepsiyası var

Bakı, 16 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə aparılan müzakirələr göstərdi ki, Azərbaycan dövlətinin indiki çətin vəziyyətdən çıxmağa hesablanmış aydın konsepsiyası var.
Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.
Deputat qeyd edib ki, bu konsepsiyanın əsas hədəfi, məqsədi vətəndaşların sağlamlığının qorunması, ölkənin mümkün qədər daha az itkiyə məruz qalmasının təmin edilməsidir.
Ramin Məmmədov vurğulayıb ki, həm iqtisadi, həm də sosial sahələrdə dövlət tərəfindən həyata keçirilən düşünülmüş, ardıcıl və sistemli tədbirlər Azərbaycanda makroiqtisadi sabitliyin qorunmasına, vətəndaşların sosial müdafiəsinin təmin olunmasına hesablanıb. “Heç şübhəsiz ki, ən başlıca məsələ insanlarımızın sağlamlığının qorunmasıdır. Məlumdur ki, tətbiq olunan xüsusi karantin rejimi, nəticə etibarilə, iqtisadi risklər yaradır. Yəni, biz iki risk qarşısındayıq: insanların sağlamlığı və iqtisadi itkilər. Dövlət başçısı müşavirədə birmənalı olaraq qeyd etdi ki, onun seçimi məhz insanların sağlamlığını qorumaqdır. Bu, bir daha Prezidentin və onun şəxsində Azərbaycan dövlətinin öz vətəndaşına nə qədər yüksək dəyər verdiyinin daha bir ifadəsidir. Azərbaycan dövlətinin gücü də elə bundadır: öz vətəndaşına dəyər verməsində” , - deyə R.Məmmədov əlavə edib.
Deputat bildirib ki, müşavirə Azərbaycan dövlətinin bütün strukturlarının fəaliyyətinin dəqiq və saat mexanizmi kimi işlədiyini göstərir. Onun fikrincə, hər bir dövlətin mükəmməlliyi, xalqa xidmət əmsalı məhz bu cür böhranlı situasiyalarda ortaya çıxır. Dövlət başçısının da müşavirdə qeyd etdiyi kimi, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində çox vaxtında və doğru addımlar atılıb. Azərbaycan bir sıra ölkələrə bu sahədə nümunə göstərilir. Lakin bütün bunlar arxayınlaşmaq üçün əsas verməməlidir. Müşavirədə qeyd olunan məqamlar da göstərir ki, Azərbaycan dövləti əldə olunmuş uğurlarla arxayınlaşmır, ölkəni, onun vətəndaşlarını qorumaq üçün bundan sonra da zəruri addımları atmaq əzmindədir.

Daxili siyasət 2020-04-16 10:46:00