×
A
A
A
Sazlamalar

Siyasi dialoqun başlanılması ölkəmizin inkişafına müsbət təsir göstərəcək

Bakı, 15 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar ölkənin bütün sahələrində özünü açıq şəkildə büruzə verir. 2019-cu ildə böyük hissəsi icra edilən islahatlar bu ilin ilk aylarında da davam etdirildi. Prezident Administrasiyasının bütün siyasi partiyalara dialoq təklifi də idarəetmədə aparılan islahatların təsdiqidir. Aprelin 14-də ölkə başçısının sədrliyi ilə 2020-ci ilin bürüncü rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədəki nitqində də Prezident İlham Əliyev bu məsələni diqqətə çatdırdı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Kamil Seyidov bildirib.
Partiya sədri qeyd edib ki, Prezident hakimiyyət tərəfindən atılan addımları, siyasi dialoqun başlanmasını və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsini müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxaracağını bildirdi və müstəqillik dövründə bu sahədə heç vaxt belə müsbət mənzərə müşahidə edilmədiyni vurğuladı. “Artıq siyasi partiyalarla dialoqa başlanılıb. Bu, respublikada iqtidarla müxalifətin həmrəyliyindən xəbər verir. Ölkə rəhbəri də bu prosesin sürətlə getməsini arzuladı. Bildirdi ki, bu, ölkəmizə böyük fayda gətirəcək”, - deyə partiya sədri bildirib.
K.Seyidov deyib ki, həmişə olduğu kimi, bu dəfə də bəzi siyasi partiyalar dialoq təklifindən imtina etdilər. Bu, gözlənilən idi. Çünki hazırda Azərbaycanda elə qruplaşmalar var ki, onlar müəyyən ianə hesabına anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirir, ölkəmizin dünya birliyində reytinqinin yüksəlməsini həzm edə bilmirlər və ona görə də bütün vasitələrlə ara qarışdırmağa, çaşqınlıq yaratmağa cəhd edirlər. Ancaq ölkədə davamlı olan xalq-iqtidar birliyi belə xəbis niyyətlilərin arzusunu ürəklərində qoyub. Prezident də müşavirədəki nitqində dialoqdan imtina edənləri siyasi qüvvə adlandırmadı. Bildirdi ki, bu düşərgədə cəmləşən insanlar uzun illərdir iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar. Onların əsas məqsədi vəziyyəti gərginləşdirməkdir. Sanki pusquda dayanıb məqam gözləyirlər. Belələri ölkəmizdə hər hansı bir hadisə baş verən kimi cilddən-cildə girir, xarici ağalarının sifarişlərini yerinə yetirirlər. Belə qruplaşmaların “siyasi fəaliyyətləri” də bunu təsdiqləyir.
K.Seyidov əlavə edib ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, həmin qüvvələr Azərbaycanı 1990-cı illərin əvvəllərində ağır vəziyyətə saldılar, xəyanət etdilər, torpaqlarımızın işğalını şürətləndirdilər. Sonra isə hakimiyyəti atıb qorxaqcasına qaçıb gizləndilər. Adlarını müxalifət qoyan belə ünsürlər respublikamıza böyük zərbələr vurublar, hətta vətəndaş müharibəsi həddinə gətirib çıxarıblar. Bu qruplaşmanın əsas amalı xaos, anarxiya yaratmaqdır. Belələrinin bu gün siyasi dialoqdan imtina etmələri gözləniləndir. “Bütün bunlara baxmayaraq, siyasi partiyalarla dialoq gündəmdədir və mənim də rəhbərlik etdiyim partiya dəvəti böyük məmnunluqla qəbul etdi”, - deyə o vurğulayıb.

Daxili siyasət 2020-04-15 16:06:00