×
A
A
A
Sazlamalar

Əhalimizin sosial rifahının qorunması və davamlı formada yaxşılaşdırılması dövlətin gündəliyində başlıca yer tutur

Bakı, 15 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına aid videokonfrans şəklində müşavirənin keçirilməsi bir daha koronavirus pandemiyasının səmərəli dövlət idarəçiliyi qarşısında əlacsız olduğunu göstərdi.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev bildirib.
Deputat deyib: “İlk növbədə, diqqətəlayiq məqam Azərbaycan hökumətinin çevik və yüksək səviyyədə mövcud vəziyyətə uyğunlaşması və islahatların ardıcıl formada davam etdirilməsidir. Burada xüsusilə qürurverici məqam isə bir neçə gün əvvəl Prezidentin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsi ilə fövqəladə Zirvə görüşünün keçirilməsidir. Bu, ölkəmizin koronavirus pandemiyasına qarşı mübarizədə nəinki milli, hətta regional və beynəlxalq səviyyədə hərəkətverici qüvvə olmaq istədiyindən və buna imkan verən potensialından irəli gəlir”.
Deputat bildirib ki, müşavirə bir daha aydın şəkildə nümayiş etdirdi ki, makroiqtisadi sabitliyin qorunması, əhalinin məşğulluq vəziyyətinin yaxşılaşdırılması və sahibkarlıq subyektlərinə dəyə biləcək zərərin minimuma endirilməsi kimi məsələlər də daxil olmaqla əhalimizin sosial rifahının qorunması və davamlı formada yaxşılaşdırılması yönündə bütün məsələlər dövlət gündəliyində başlıca yer alır. Bu məcrada xüsusilə son dövrlər inkişaf edən kənd təsərrüfatı sahəsində mümkün durğunluğun qarşısının alınmasına yönəlik tədbirləri vurğulamaq lazımdır. Xüsusilə bu sahədə məhsuldarlığın qorunması üçün suvarma suyu ilə təminatın yaxşılaşdırılması hökumət tərəfindən prioritetləşdirilən istiqamətlərdəndir. Eyni zamanda, kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərə çıxışlarının asanlaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə otuz milyon manat ayrılıb. Əhalimizin təmiz suya əlçatanlığının yaxşılaşdırılması nəticəsində ölkəmiz, eyni zamanda, 6-cı Davamlı İnkişaf Məqsədi istiqamətində böyük irəliləyiş əldə edəcək. Bütün bu tədbirlər bizi arxayın edir ki, dövlətimizin başçısının rəhbərliyi ilə hökumət vəziyyətə nəzarət edir və Azərbaycan postpandemiya dövründə də sürətlə inkişaf etməyə davam edəcək.

Daxili siyasət 2020-04-15 15:14:00