×
A
A
A
Sazlamalar

Azərbaycanda koronavirusla bağlı itkilərin az olması dövlətimizin planlı və çevik fəaliyyətinin nəticəsidir

Bakı, 15 aprel, AZƏRTAC

COVID-19 pandemiyası və onun nəticələri proqnozlaşdırılması mümkün olan, yaxud klassik xarakter daşıyan humanitar və ya iqtisadi böhran deyil. Məhz bu səbəbdən dünyanın super maliyyə və ultra iqtisadi gücləri faktiki olaraq ilk vaxtdanca virusun əsirinə çevrildilər. Koronavirus təbii olaraq Azərbaycanın iqtisadi inkişafına da öz təsirini göstərdi. Lakin bu günə qədər görünən odur ki, dövlət ay yarımdan az bir müddətdə koronavirusu cilovlayaraq Azərbaycanda epidemiya halına çevrilməsinin qarşısını ala bildi. Ən azı, son bir həftənin tendensiyası belə nikbin düşünməyə kifayət qədər əsas verir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
Deputat qeyd edib ki, dövlət strukturlarının fəaliyyətində ajiotaj və axsama olmadı, əksinə, çevik, proporsional və harmonik reaksiyalar verildi, özündə alternativlik ehtiva edən qərarlar qəbul edildi. Əhali arasında da təşviş müşahidə olunmadı, əksinə, dövlət orqanlarının sistemli fəaliyyəti vətəndaşda arxayınlıq yaratdı. Sadalanan bu nüansların konkret və əsaslı səbəbləri var. Prezident İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans formatlı müşavirədə bu məqamların hamısına aydınlıq gətirildi.
B.Məhərrəmov deyib ki, insan hüquqlarının nəzəri əsaslarına görə, iqtisadi və sosial hüquqların əsas xüsusiyyəti kimi, pozitivlik, yəni, dövlətin bu sahədə aktiv fəaliyyəti götürülür. Bu anlamda, həmin hüquqların realizəsi üçün əvvəlcədən planlaşdırılmış, habelə təşkil olunmuş fəaliyyət nəzəri olaraq dövlətin əsas öhdəliyi kimi müəyyən edilir. Azərbaycan Respublikasının da böhran meyillərinə davamlılığının ilk səbəbi hökumətin uğurlu fəaliyyəti, habelə Azərbaycanda islahatların davam etdirilməsi iradəsinin mövcudluğu ilə bağlı oldu. Həmçinin dövlət başçısının müşavirədə dediyi kimi, qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində vəziyyət tam nəzarət altına alındı. Atılan addımlar, görülən tədbirlər faydasız olsaydı, iqtisadi imkanları bizdən qat-qat artıq olan İtaliya, İspaniya, ABŞ kimi ölkələrdə müşahidə edilən virusun yayılma və təsir tendensiyası Azərbaycanda da təkrarlanmalı və Prezident İlham Əliyevin dediyi kimi, qurbanların sayı on minlər olmalı idi. Lakin olmadı. Heç bir siyasi məna vermədən, əlimizi vicdanımıza qoyaraq bu sualı özümüzə verək, niyə? Vətəndaşlarımızın lazımi məsuliyyət və intizam göstərdiyinə görəmi? Aydındır ki, xeyr. Cəmiyyətimiz nə qədər yekdil, Vətənə, dövlətə bağlı olsa da, insanlarımızın epidemiya təhlükəsinə, öz sağlamlığına müəyyən qədər laqeydlik göstərməsi halları müşahidə olunur. Deməli, ən az itkilərlə xilasımızın yeganə səbəbi müşavirədə qeyd edildiyi kimi, dövlətin planlı, düşünülmüş və çevik fəaliyyətidir. Burada başqa bir məqama diqqət yetirmək yerinə düşər, dövlət başçısı da bu məsələyə toxundu. Azərbaycan karantin rejiminin antihuman xarakterinin qarşısını almaq üçün düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejimi mərhələli yollarla sərtləşdirdi. Cəmiyyətimiz birdən-birə intizama dəvət edilmədi, əvvəlcə maarifləndirmə, daha sonra məsuliyyətlilik, ən nəhayət isə intizamlılıq prinsiplərinin ardıcıllığı ilə toplum xüsusi rejimə adaptasiya edildi. Habelə nə qədər mürəkkəb olsa da, idarəetmədə alternativ və gözlənilməz tezliklə ərsəyə gətirilən elektron xidmət və elektron idarəçilik tendensiyalarının payı artdı. Sirr deyil ki, xüsusi karantin rejiminin hər anı iqtisadiyyat üçün zərbədir. Lakin Prezident İlham Əliyev bəyan etdi ki, dövlətin bu sahədə siyasi kursu bəllidir. Hamımız istəyirik ki, bu karantin rejiminə tezliklə son qoyulsun və vətəndaşlar öz normal həyatına qayıtsınlar. Ancaq bizim üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır.
Milli Məclisin deputatı qeyd edib ki, beynəlxalq insan hüquqları ilə məşğul olan hüquqşünaslara yaxşı bəllidir ki, hər hansı dövlət haqqında “sosial dövlət” anlayışının işlədilməsi kifayət qədər ehtiyat və diqqət tələb edir. Yəni, bir dövlətin sosial olmasını iddia etmək üçün həmin dövlətin hüquqi olması, mövcud normativ bazanın sosial xarakterinin xüsusilə nəzərə çarpması vacib şərtlərdəndir. Bu hüquqların tətbiqinin, yəni, sosiallığın əsas şərti dövlətdən nəzəri parametrlərə cavab vermək yox, aktiv və planlaşdırılmış fəaliyyət tələb edir. Bu da fəaliyyət. Bəli, Azərbaycan iqtisadi mənafelərini aşkar formada insan tandeminə tərcih etdiyini ən ali səviyyədə, dövlət başçısının siyasi mövqeyində təsbit etdi. Dövlət ümumilikdə iki milyard manatdan çox vəsait ayıraraq əsasən sosial məqsədlərə yönəltdi, dövlət və özəl sektorda işçi ixtisarının qarşısı alındı, aztəminatlı və qayğıya ehtiyacı olan təbəqə himayəyə götürüldü, sosial proqramlar maliyyələşdirildi. Baxmayaraq ki, Prezident İlham Əliyevin dediyi kimi, hazırda dünya ciddi iqtisadi böhranla üz-üzədir.
“Burada daha ciddi bir məqam diqqətimizi çəkməyə bilməz. Dünya birliyinin mütləq əksəriyyəti artıq yardıma ehtiyac duyur, Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına 150-dən çox ölkə yardım üçün müraciət edib. Azərbaycanın isə xarici yardıma ehtiyacı yoxdur. Dünyanın böhranla üzləşdiyi bir vaxtda Azərbaycanın öz gücünə ayaqda qala bilməsi uğur hekayəsi deyilmi?”, - deyə deputat bildirib.
Prezident İlham Əliyevin 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədəki çıxışı cəmiyyətə ehtiyac duyulan elə bir sosial ismarıc oldu ki, səsləndirilməsi ilə bir neçə məsələ aydınlaşdırıldı. Aydın oldu ki, insanlar epidemiya təhlükəsinə münasibətdə ehtiyatlı, məsuliyyətli və intizamlı olmaqda davam etsinlər. Lakin vətəndaş narahat olmamalıdır, dövlət bütün resursları ilə onun yanında olacaq. Dövlət başçısının özünün qeyd etdiyi kimi, əsas məsələ xalqımızı bu xəstəlikdən qorumaqdır, iqtisadiyyat bərpa olunar.
B.Məhərrəmov bildirib ki, karantin tədbirləri sonsuza qədər uzana bilməz, hətta uzun müddət davam etsə də belə, dövlət vəziyyətdən, daha dəqiqi iqtisadi, siyasi və sosial tələbatdan asılı olaraq çevik və praqmatik qərarlar qəbul etməyə qadirdir. Məsələn, karantin tədbirlərinin kənd təsərrüfatı sahəsində mövsümi təbirlərə mane olmaması üçün Prezidentin Operativ Qərargaha verdiyi tapşırıq bunun bariz nümunəsidir. Vətəndaş dövlətin iqtisadi potensialı və inkişaf perspektivi barədə bədguman olmamalıdır, həm ənənəvi metodlar, həm də yeni istiqamətlər formalaşdırmaqla Azərbaycan postpandemiya dövründə iqtisadi qüdrətini qoruya, ən az zərərlə böhrandan qurtula biləcək. Nəhayət, vəziyyət və şəraitdən asılı olmayaraq, dövlət iqtisadi, siyasi və struktur islahatlarında, habelə ictimai nəzarətin gücləndirilməsində maraqlıdır. Qeyd edilən istiqamətdə bu il islahatlar daha da dərinləşəcək, ölkədə siyasi mühit əməkdaşlıq və dialoq formatında, vahid amal – dövlət maraqları naminə tamlaşacaq.
“Bütün bunların fonunda diqqəti bir məsələyə çəkmək istəyirəm. Elə bir məsələ ki, koronavirus pandemiyası başlayandan xəstəliyin təhlükəsindən də çox narahatlıq və məyusluq doğurur. Çox təəssüf ki, Azərbaycanda bu infeksiyanın ağır nəticələr verməsini arzulamaq və bunda da hakimiyyəti təqsirləndirmək meyilləri var. Bu meyilləri ifadə edən insanlar və qruplarla beynəlxalq arenada Azərbaycana açıq-aşkar qərəzli münasibət göstərən təşkilatların və dövlətlərin mövqeləri demək olar ki, üst-üstə düşür. Mən bitərəf deputat kimi ölkənin vətəndaşlarından ibarət heç bir siyasi qüvvənin “5-ci kolon” hesab edilməsinin tərəfdarı olmasam da, acı məyusluq doğuran bu əməllərlə məşğul olan siyasi mövcudiyyətə başqa ad tapmaqda da çətinlik çəkirəm”, - deyə Milli Məclisin deputatı bildirib.

Daxili siyasət 2020-04-15 15:05:00