×
A
A
A
Sazlamalar

Azərbaycan dövləti istənilən çətinliyin öhdəsindən gəlmək gücündədir

Bakı, 15 aprel, AZƏRTAC

2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda Prezident İlham Əliyev ölkə həyatının bütün istiqamətlərinə diqqət çəkdi və qarşıda duran vəzifələrin həyata keçirilməsi ilə bağlı mühüm ismarıclar verdi.
Bu fikri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.
Ekspert qeyd edib ki, Prezidentin COVID-19 virusunun geniş yayılmasının qarşısının alınması və pandemiyanın təsir göstərdiyi sahələrdə inkişaf dinamikasının qorunub saxlanılması ilə bağlı Azərbaycanın əldə etdiyi nəticələrə nəzər saldıqdan dərhal sonra ölkəmizin inkişafı üçün müstəsna əhəmiyyət kəsb edən vəzifələrdən danışması, bu vəzifələrin həyata keçirilməsi üçün strateji istiqamətləri müəyyənləşdirməsi gələcəyə daha böyük ümidlərlə baxmağa zəmin yaradır. Dövlət başçısının strateji baxış bucağının yaratdığı mənzərə həm də onu göstərir ki, Azərbaycan dövləti istənilən çətinliyin öhdəsindən gəlmək potensialında və gücündədir, proqnozlaşdırılması mümkün olan və olmayan hadisə ölkəmizi inkişaf və tərəqqi yolundan döndərə bilməyəcək. Azərbaycan dünyada və regionda baş verə biləcək bütün ssenariləri öz milli maraqlarına uyğun şəkildə yönəltmək imkanındadır. Bunun üçün siyasi iradə, çevik idarəçilik mexanizmləri və Azərbaycan xalqının böyük dəstəyi var.
Siyasi ekspert əlavə edib ki, Prezident İlham Əliyev öz nitqində ölkəmizdə aparılan islahatların davam edəcəyini vurğuladı və qeyd etdi ki, bütün sahələrdə islahatlar aparılmalıdır. Azərbaycan Prezidenti iqtisadi və digər sahələrdə həyata keçirilən islahatlarla yanaşı, siyasi islahatların daha da dərinləşdiriləcəyinə xüsusi diqqət çəkdi. Bu, olduqca mühüm əhəmiyyət kəsb edir. Cənab Prezidentin siyasi islahatların Azərbaycanın mövcud imkanlarını daha da genişləndirəcəyini xatırlatması, əslində, diqqətin nə üçün məhz siyasi islahatların üzərində fokuslanması ilə bağlı ortaya çıxa biləcək bütün sualların cavabıdır. Dövlətimizin başçısının dediyi kimi, yalnız siyasi və iqtisadi islahatlar paralel aparıldıqda böyük uğurlar əldə oluna bilər.
“Bu qənaət, şübhəsiz ki, geridə qalan zaman ərzində əldə olunan təcrübə nəticəsində formalaşıb. Təcrübə isə göstərir ki, islahatlar bütün sahələr üzrə paralel şəkildə aparıldıqda, dövlət idarəçiliyi sistemi mövcud çağırışlara cavab verdikdə və prosesə ictimai nəzarət mexanizmləri gücləndirildikdə effektiv nəticə verir. Azərbaycanda ötən müddət ərzində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, gənclərə öz potensiallarını büruzə vermələri üçün geniş imkanların yaradılması, kadrlara münasibətdə peşəkarlıq, dürüstlük, vətənpərvərlik kimi mühüm keyfiyyətlərin ön plana keçirilməsi islahatların qarşıdakı mərhələdə də uğurla davam etdirilməsinə zəmin yaradır” , - deyə ekspert vurğulayıb.
Dövlət başçısının da öz nitqində qeyd etdiyi kimi, Prezident Administrasiyasında, Nazirlər Kabinetində və Milli Məclisdə aparılan ciddi islahatlar nəticəsində ölkəmiz indi yeni inkişaf mərhələsinə inamla qədəm qoyur. Prezident İlham Əliyev siyasi islahatların tərkib hissəsi kimi ölkəmizdə keçirilən son parlament seçkilərinin nəticələrinə də nəzər saldı və tarixdə ilk dəfə olaraq müxalifət nümayəndəsinin Milli Məclis Sədrinin müavini vəzifəsinə seçildiyini, parlament komitələrinə müxalifət nümayəndələrinin başçılıq etdiyini xatırladı. Bütün bunlar siyasi sistemin təkmilləşdirilməsi, siyasi münasibətlərin sağlam zəmində qurulması və siyasi sistemin yeni konfiqurasiyasına yol açan addımlardır. Bəs siyasi sistemin yeni konfiqurasiyası nə deməkdir? Bu, ilk növbədə, qarşılıqlı etimadlı siyasi münasibətlər sisteminin, dialoq mədəniyyətinin formalaşması, çoxpartiyalı sistemin istisnasız olaraq Azərbaycan dövlətinin, xalqının maraqlarına xidmət edəcək bir platforma üzərindən inkişafı, dövlətçilik və müstəqillik prinsiplərinin rəhbər tutulmasını ehtiva edən siyasi sistemin yaradılmasıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu istiqamətdə aparılan islahatların əsas məqsədi elə siyasi sistem yaratmaqdır ki, fərqli baxışlardan asılı olmayaraq, hər bir siyasi qüvvə üçün bir amal müqəddəs olsun, o da dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişafdır. Bu, Azərbaycan dövlətçiliyi üçün yeni və olduqca mühüm və bəlkə də tarixi əhəmiyyət kəsb edən bir mərhələdir. Təəssüf ki, son dövrlərədək Azərbaycanda dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişaf kimi müqəddəs amallar ətrafında yeni siyasi münasibətlər sisteminin formalaşmasına həm daxili – antimilli qruplaşmalar, həm də onları idarə edən daxili mafioz qruplaşmalar, Azərbaycana düşmən kəsilən xarici qüvvələr ciddi maneələr yaratmağa çalışıblar. Bunun üçün Azərbaycanın siyasi sistemini nəyin bahasına olursa-olsun səngərlərə bölməyə, fikir ayrılıqlarının düşmənçilik münasibətləri səviyyəsinə çatdırılmasına, ən müxtəlif yollar və vasitələrlə, Azərbaycan xalqının daşıdığı dəyərlərdən, siyasi mədəniyyətdən uzaq olan muzdlu nüfuz müvəkkillərindən istifadə etməklə siyasi qüvvələr arasında nifaq toxumu səpməyə çalışıblar. Lakin bütün bunlar Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan xalqının toplumsal siyasi səviyyəsi və ölkəmizdəki siyasi qüvvələrin mütləq əksəriyyətinin obyektiv dəyərləndirmə hissini itirməməsi nəticəsində iflasa uğrayıb və keçmişdə qalıb.
Prezident İlham Əliyev indiki şəraitdə siyasi qüvvələrin mütləq əksəriyyətinin dövlətçilik prinsiplərini hər şeydən üstün tutduğunu vurğulamaqla, bir daha antimilli qüvvələrə və onlardan öz maraqları üçün istifadə edənlərə xatırlatdı ki, Azərbaycanın islahatlar yolu ilə yeni inkişaf mərhələsinə qədəm qoyması, bu istiqamətdə inamla addımlaması xalqın, siyasi qüvvələrin mütləq əksəriyyətinin birmənalı şəkildə dəstəklədiyi, alternativi və geriyə dönüşü olmayan yoldur.
Siyasi ekspert bildirib ki, Prezident İlham Əliyevin 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransdakı əhatəli nitqindən gəldiyi yekun nəticə ondan ibarətdir ki, Azərbaycan pandemiyanı yendikdən sonra sabaha böyük əzmlə, qətiyyətlə, milli birlik və həmrəylik içərisində öz strateji hədəflərinə doğru addımlayacaq. Bu isə ölkəmizin indikindən daha da güclü olacağına, qarşıda dayanan bütün maneələri dəf edəcəyinə, iqtisadiyyatını bütün çağırışları önləyə biləcək bir müstəviyə yüksələcəyinə, dövlət idarəçilik mexanizmlərinin çoxlarına örnək olacaq bir səviyyəyə çatdırılacağına böyük ümidlər yaradır.

Daxili siyasət 2020-04-15 13:30:00