×
A
A
A
Sazlamalar

Görülən işlər vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir və xalq-iqtidar birliyini daha da möhkəmləndirir

Bakı, 15 aprel, AZƏRTAC

2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda Prezident İlham Əliyev cari ildə əldə edilən iqtisadi, sosial, siyasi uğurlar, eləcə də koronavirusla bağlı mövcud vəziyyət, ilin sonuna qədər həyata keçiriləcək proqramlar və islahatlar barədə geniş məlumat verdi. Pandemiya dövründə müasir texnoloji imkanlardan istifadə edərək əhalini maraqlandıran məsələlərlə bağlı belə bir toplantının keçirilməsi, ötən dövrün təhlili və gələcəkdə görüləcək işlərlə bağlı dəqiq məlumatların verilməsi əsl liderlik göstəricisidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov bildirib.
Deputat deyib ki, heç bir çətin vəziyyət Azərbaycan Prezidentini öz işindən ayırmır, əksinə o, daim öz işinin başında, xalqın yanındadır. Bu, Azərbaycan vətəndaşları tərəfindən yüksək qiymətləndirilir və xalq-iqtidar birliyini daha da möhkəmləndirir. Prezidentin də qeyd etdiyi kimi, 2020-ci ilin 3 ayında ölkəmizdə inkişaf və tərəqqi müşahidə olunub. Aparılan islahatlar müxtəlif sahələrdə öz müsbət nəticəsini göstərib.
Deputat bildirib ki, koronavirus pandemiyası dünya iqtisadiyyatı üçün böyük problemlər yaratdığı kimi, təbii olaraq Azərbaycanın iqtisadi inkişafına da öz təsirini göstərdi. Qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində ölkəmizdə vəziyyət nəzarətdə saxlanıldı. Koronavirusla mübarizə sahəsində sistemli iş quruldu, düşünülmüş addımlar atıldı. Məhz bunun nəticəsidir ki, Azərbaycanda vəziyyət nəzarət altındadır. İnkişaf etmiş ölkələr də daxil olmaqla əhali sayı Azərbaycanla eyni olan dövlətlərdəki vəziyyətə nəzər salsaq deyə bilərəm ki, ölkəmizdə koronavirusla bağlı həyata keçirilən tədbirlər nəticəsində biz bu pandemiyadan minimum itkilərlə çıxa biləcəyik. Artıq Azərbaycanın təcrübəsi digər dövlətlər tərəfindən də öyrənilir. Dövlətimizin başçısının söylədiyi fikir onun Azərbaycan xalqına verdiyi dəyərin göstəricisidir: Azərbaycan hakimiyyəti üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır. Azərbaycan xalqı əmindir ki, hökumət bundan sonrakı dövrdə koronavirus pandemiyası ilə əlaqədar ən düzgün qərarları verəcək. Prezidentin də dediyi kimi, əsas məsələ vətəndaşların sağlamlığı, onların həyatıdır. Mövcud vəziyyətdən əziyyət çəkən vətəndaşların problemlərinin həlli istiqamətində dövlət büdcəsindən kifayət qədər vəsait ayrılıb. 600 mindən çox insan dövlət tərəfindən dəstəklə təmin edilir. Vətəndaşların qayğıları daim dövlətin diqqətindədir.
Prezident İlham Əliyev müşavirədə 2020-ci ilin də çox dərin və geniş islahatlar ili olacağını qeyd etdi. Aparılan islahatlar nəticəsində ölkəmiz indi yeni inkişaf mərhələsinə inamla qədəm qoyub. Parlament seçkiləri göstərdi ki, aparılan siyasət Azərbaycan vətəndaşları tərəfindən bəyənilir və dəstəklənir.
Dövlətimizin başçısı, eyni zamanda, dövlətçilik naminə birlik nümayiş etdirməyin vacibliyini qeyd etdi. Əfsuslar olsun ki, dövlətimizə düşmən kəsilmiş “5-ci kolon”un nümayəndələri bu koronavirus pandemiyası dövründə də öz əməllərindən əl çəkmirlər. Bu düşərgədə cəmləşən insanlar uzun illərdir iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar. Onların əsas məqsədi vəziyyəti gərginləşdirməkdir. Heç bir sosial bazası olmayan bu insanların yeri tarixin tullantı qutusudur. Azərbaycan xalqı onlara öz yerlərini göstərib və bundan sonra da göstərəcək. Azərbaycanın yeni siyasi konfiqurasiyasında marginal qruplaşmaya yer yoxdur və olmamalıdır. İndi əsas məsələ bir olmaq, həmrəy olmaq və ölkə başçısının ətrafında daha da sıx birləşməkdir. Çünki biz birlikdə güclüyük. Bizim ölkəmizi bizdən çox heç kim sevə bilməz.

Daxili siyasət 2020-04-15 11:43:00