×
A
A
A
Sazlamalar

Politoloq: Zirvə görüşü türkdilli dövlətlərin sarsılmaz birliyini dünyaya nümayiş etdirdi

Bakı, 13 aprel, Səadət Hakıyeva, AZƏRTAC

Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının fövqəladə Zirvə görüşü keçirildi. Planetin bəlasına çevrilmiş koronavirus (COVID-19) pandemiyası mövzusunda təşkil edilən bu videokonfrans bütün dünyaya bir mesajdır. Zirvə görüşü dünyaya mesaj verdi ki, bütün dövlətlər və xalqlar xəstəliklə mübarizədə bir olmalı, bir-birinə dəstək göstərməlidirlər. Çünki bu, ümumbəşəri bəladan qurtulmaq üçün yeganə çıxış yoludur. Türkdilli dövlətlər bu Zirvə görüşü ilə bir daha bəyan etdilər ki, Türk Şurası möhkəm təməllər və dəyərlər üzərində qurulan bir təşkilatdır və bu qurum ən çətin məqamda dəstək və köməyini əsirgəmir. Bir sözlə, Zirvə görüşü türkdilli dövlətlərin sarsılmaz birliyini dünyaya nümayiş etdirdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Elxan Ələsgərov deyib.
Politoloq diqqətə çatdırıb ki, Türk Şurası birliyə, həmrəyliyə köklənən və öz işini bu dəyərlər əsasında davam etdirən təşkilat kimi özünü bir daha təsdiq etdi. Koronavirus pandemiyası bütün dünyanı əsarətinə alıb və planetin hər yerində insanlar onun fəsadlarını yaşayırlar. Məhz bu xəstəlik səbəbindən dövlətlər arasında sərhədlər bağlanıb, iqtisadiyyat çox çətin vəziyyətlə üzləşib. Belə bir vaxtda Zirvə görüşünün təşkil edilməsi çox mühüm əhəmiyyət kəsb edir.
Politoloq qeyd edib ki, Azərbaycan hökuməti koronavirus pandemiyası ilə mübarizədə bütün qabaqlayıcı tədbirləri görüb. Dövlətimiz bütün mümkün vasitələrdən istifadə edərək mühüm qərarlar qəbul edir, dəstək proqramı həyata keçirir və bununla da vətəndaşının yanında olduğunu bir daha sübut edir. Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək, makroiqtisadi və maliyyə vəziyyətini sabit saxlamaq üçün dövlət büdcəsindən 2,5 milyard manat vəsait ayrılıb. İşsiz insanlara birdəfəlik müavinətlər ayrılıb. Aparılan testlərin sayına görə Azərbaycanın 30-cu yerdə qərarlaşması diqqət çəkir. Bu, çox yüksək göstəricidir və alqışa layiqdir. Koronavirus xəstəliyi nəinki Azərbaycan, bütün dünya dövlətləri üçün qəfil gələn bir bəladır. Amma qürur duyulası haldır ki, Azərbaycan vəziyyəti dərhal nəzarətə götürə bildi.
“Prezident İlham Əliyev Zirvə görüşündə bütün dünyaya mesaj verərək vurğuladı ki, türkdilli dövlətlərin həmrəyliyi, birliyi nümunədir və onlar yalnız xoş günlərdə deyil, çətin günlərdə də bir-birinin yanında olmağı bacarırlar”, - deyə politoloq bildirib.

Daxili siyasət 2020-04-13 20:44:00