×
A
A
A
Sazlamalar

“Azərpoçt” vətəndaşlara səyyar xidmət göstərir

Bakı, 9 aprel, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC koronavirus (COVID-19) xəstəliyi ilə mübarizə üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlərlə əlaqədar vətəndaşlara səyyar xidmət də göstərir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məqsəd xüsusi karantin rejimində vətəndaşların yaşadıqları ərazidən uzaqlaşmayaraq maliyyə xidmətlərindən istifadəsini təmin etməkdir.
Layihəyə Sabunçu rayonunun Zabrat və Ramana qəsəbələrindən başlanılıb. Səyyar poçt xidməti vasitəsilə vətəndaşlara maliyyə xidmətləri göstərilib. Vətəndaşlar rabitə və kommunal xidmət haqlarını, daxili, beynəlxalq pulköçürmələrini və bir çox digər xidmətlər üzrə ödənişləri həyata keçiriblər. Bununla yanaşı, adıçəkilən qəsəbələrin sakinlərinə xüsusi karantin rejimində poçt xidmətlərindən istifadə qaydaları izah olunub, onların sualları cavablandırılıb.
“Azərpoçt” MMC tərəfindən həyata keçirilən səyyar xidmət növbəti günlərdə digər Bakıətrafı qəsəbələrdə davam etdiriləcək.
Əhaliyə göstərilən xidmətlərin fasiləsizliyinin təmin olunması üçün hazırkı dövrdə də “Azərpoçt” MMC-nin müvafiq poçt şöbələrində və “Şəbəkə” xidmət mərkəzlərində növbəli iş rejimi davam etdirilir.

İKT 2020-04-09 11:22:00