×
A
A
A
Sazlamalar

Cəlilabadda 93 şəxs karantin qaydalarını pozduğu üçün cərimələnib, bir nəfər həbs edilib

Bakı, 8 aprel, AZƏRTAC

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları ölkəmizdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, həyata keçirilən tədbirlər çərçivəsində Cəlilabad rayonunun giriş hissələrində və digər ərazilərdə stasionar postlar qurulub, eləcə də rayon ərazisində qaydaların pozulmasının qarşısının alınması məqsədilə patrul xidməti yerinə yetirilir. Polis əməkdaşları tərəfindən sakinlərin evdən çıxması ilə bağlı qadağalar nəzərə alınaraq onlarla profilaktiki söhbətlər aparılmaqla yaşadıqları ünvana qaytarılması təmin olunur. Bir daha izah olunur ki, həyata keçirilən bütün tədbirlər sakinlərin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Xəbərdarlıqlara məhəl qoymayaraq xüsusi karantin rejimi qaydalarını pozan şəxslər barəsində isə inzibati qaydada tədbir görülür. Ümumilikdə rayon ərazisində indiyədək 93 şəxs karantin qaydalarını pozduğu üçün barəsində inzibati qaydada protokol tərtib edilərək cərimələnib. Bir nəfər isə inzibati qaydada həbs edilib. Barəsində inzibati qaydada tədbir görülmüş şəxslərdən 36-sı sürücü, 58-i piyadadır.
Bu istiqamətdə tədbirlər müəyyən olunmuş rejim müddətində davam etdiriləcək.

Sosial 2020-04-08 17:38:00