×
A
A
A
Sazlamalar

“Total” Azərbaycandakı layihələrə sadiqdir

Bakı, 8 aprel, AZƏRTAC

Fransanın “Total” neft-qaz şirkəti Azərbaycanda həyata keçirdiyi layihələrini davam etdirəcək.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, şirkətin prezidenti Rövnəq Abdullayev aprelin 8-də “Total Azərbaycan” şirkətinin baş meneceri Regis Aqutu qəbul edib. Görüşdə qlobal pandemiya dövründə uğurlu “Abşeron” layihəsi çərçivəsində əməkdaşlığın hazırkı effektivlik səviyyəsində davamlı olması üçün həyata keçirilən tədbirlər barədə, eləcə də hasilatın başlanması və növbəti inkişaf mərhələsi üzrə şirkətin planları ilə bağlı SOCAR-ın prezidentinə məlumat verilib, eyni zamanda, “Total” şirkətinin Azərbaycandakı layihələrə sadiq qaldığı vurğulanıb. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qlobal enerji bazarında baş verən proseslər müzakirə olunub.
Sonda “Total Azərbaycan” şirkətinin baş meneceri R.Aqut şirkətin kəşfiyyat və hasilat üzrə vitse-prezidenti Arno Bruyakın məktubunu SOCAR-ın prezidenti Rövnəq Abdullayevə təqdim edib.
“Total” şirkəti Azərbaycanda SOCAR-la birgə “Abşeron” yatağının işlənməsi layihəsində iştirak edir. “Abşeron” yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan cənub-şərq istiqamətdə yerləşir. Yatağın işlənməsi SOCAR və “Total” şirkətlərinin birgə müəssisə olan “Abşeron Neft” Birgə Müəssisəsi (Join Operating Company Absheron Petroleum - JOCAP) tərəfindən həyata keçirilir. Qazma işləri SOCAR-ın “Caspian Drilling Company” (CDC) şirkəti tərəfindən aparılıb. “Abşeron” yatağı Azərbaycanın ən böyük qaz-kondensat yataqlarından biri, eyni zamanda, son 10 ildə “Total” şirkətinin ən böyük kəşfidir. Yatağın işlənilməsi Azərbaycanın təbii qaza artan daxili tələbatının təminatına və ixrac gəlirlərinin yüksəlməsinə mühüm töhfə verəcək.

Neft - qaz 2020-04-08 17:27:00