×
A
A
A
Sazlamalar

Koronavirus səbəbindən avrozonanın iqtisadiyyatı 2020-ci ildə 10 faiz azala bilər

Bakı, 8 aprel, AZƏRTAC
Avropa Komissiyası avrozona maliyyə nazirlərini (Avropa Qrupu) koronavirus pandemiyası səbəbindən bu il iqtisadiyyatın 10 faiz azala biləcəyi barədə xəbərdar edib.
AZƏRTAC Reuters informasiya agentliyinə istinadla xəbər verir ki, Avropa Mərkəzi Bankının məlumatına əsasən, pandemiyanın səbəb olduğu iqtisadi böhranın dəf olunması üçün 1,5 trilyon avroya ehtiyac yarana bilər.
Qeyd edək ki, bir qədər əvvəl Avropa Qrupunun sədri Mariu Sentenu avrozonanın Maliyyə Nazirləri Şurasının gecə videokonfransının gedişində 16 saatlıq danışıqlardan sonra pandemiyanın ardından Avropa İttifaqı iqtisadiyyatının bərpasına dair 500 milyard avro həcmində planın hazırlanması barədə razılığa gələ bilmədiyini deyib. Bu mövzu üzrə növbəti videokonfrans aprelin 9-da keçiriləcək.
Bundan öncə aprelin 7-də Mariu Sentenu videomüraciətində Avropa Qrupunun koronavirus pandemiyasından sonra iqtisadiyyatın bərpası üçün tarixində ən iri - ümumi həcmi 540 milyard avroluq yardım proqramını qəbul edəcəyini elan etmişdi. Həmin proqram Avropa İttifaqının müxtəlif institutları tərəfindən iqtisadiyyatın müxtəlif sektorlarına əvvəllər təklif olunan tədbirləri və sxemləri birləşdirməlidir.

Dünya 2020-04-08 16:44:00