×
A
A
A
Sazlamalar

Avropa Qrupu 500 milyard avroluq iqtisadi bərpa planı barədə razılığa gəlməyib

Bakı, 8 aprel, AZƏRTAC
Avropa Qrupu (avrozonanın Maliyyə Nazirləri Şurası) ötən gecə videokonfransının gedişində pandemiyadan sonra Avropa İttifaqı iqtisadiyyatının bərpasına dair 500 milyard avro həcmində planın hazırlanması barədə razılığa gələ bilməyib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Avropa Qrupunun sədri Mariu Sentenu bu mövzu üzrə növbəti videokonfransın aprelin 9-da keçiriləcəyini deyib.
“16 saat davam edən müzakirələrdən sonra sazişə yaxınlaşdıq, lakin ona nail ola bilmədik. Mən iclası aprelin 9-na qədər dayandırdım. Hədəfim əvvəlki kimi qalıb: koronavirus böhranına cavab olaraq Avropa İttifaqı üçün etibarlı təhlükəsizlik yastığının yaradılması. İş yerlərinin, müəssisələrin və dövlətlərin qorunması üçün iqtisadiyyatın bərpası üzrə mühüm planı təsdiq etməliyik”, - deyə o, “Twitter” səhifəsində yazıb.
Avropa Komissiyasının mətbuat xidməti isə öz növbəsində Sentenunun gecə danışıqlarının nəticələri barədə videobrifinqini ləğv edib.

Dünya 2020-04-08 14:44:00