×
A
A
A
Sazlamalar

Rusiya Azərbaycanla hərbi-texniki əməkdaşlıq istiqamətlərinin geniş spektri üzrə danışıqlar aparmağa hazırdır

Moskva, 8 aprel AZƏRTAC
Rusiya Azərbaycanla hərbi-texniki əməkdaşlıq istiqamətlərinin geniş spektri üzrə, o cümlədən aviasiya vasitələri ilə təchizat məsələlərinə dair danışıqlar aparmağa hazırdır.
AZƏRTAC "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətində (FHTƏX) bildiriblər.
Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin rəsmi nümayəndəsi Mariya Vorobyova deyib: "Azərbaycan hərbi-texniki əməkdaşlıq sahəsində Rusiya Federasiyasının çoxdankı tərəfdaşıdır. Bu sahədə ölkələrimiz arasında əməkdaşlıq yüksələn xətt üzrə və müntəzəm inkişaf edir. Bununla əlaqədar biz öz tərəfdaşlarımızla əməkdaşlıq istiqamətlərinin geniş spektri üzrə, o cümlədən aviasiya mövzusuna dair müzakirələri davam etdirməyə hazırıq".
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Azərbaycan mütəxəssislərindən ibarət nümayəndə heyəti bu günlərdə "Suxoy" şirkətinin və "MiQ" korporasiyasının zavodlarına səfər edib. Azərbaycan nümayəndə heyəti Rusiyada "Su-35" və "MiQ-35" döyüş təyyarələri istehsal edən hərbi zavodlarda olub.

 

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Siyasət 2020-04-08 12:53:00