×
A
A
A
Sazlamalar

“Qavaldaş” Beynəlxalq onlayn festival-müsabiqənin birinci mərhələsi yekunlaşıb

Bakı, 8 aprel, AZƏRTAC 

“Qavaldaş” - zərb çalğı alətlərinin müxtəlif növlərinin ifası üzrə uşaq və gənclərin III Respublika və I Beynəlxalq onlayn festival-müsabiqəsinin birinci mərhələsinə yekun vurulub.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, martın 20-dən aprelin 30-dək keçirilən onlayn müsabiqədə Böyük Britaniya, İsveçrə, Fransa, Türkiyə, Rusiya, Özbəkistan, Ukrayna, Gürcüstan və Belarus, həmçinin Bakı şəhəri və respublikamızın digər regionlarında fəaliyyət göstərən musiqi məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri iştirak edirlər.
Dörd yaş qrupu (7-11, 12-16, 17-21 və qarışıq yaş kateqoriyası) üzrə fərdi (solo) və kollektiv (ailədə zərb alətləri ilə məşğul olan bir neçə gənc olmaqla) formada təşkil olunan festival-müsabiqədə 20-si əcnəbi olmaqla 150 nəfərə yaxın iştirakçı qeydiyyatdan keçib.
Növbəti mərhələdə (7-19 aprel) iştirakçıların videoçarxları Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Facebook” səhifəsində yerləşdiriləcək. Sosial şəbəkədə yerləşdirən videoçarxlar zərb alətləri üzrə ustadlardan ibarət beynəlxalq münsiflər heyəti tərəfindən həvəskar və peşəkar səviyyələr olmaqla elektron formada, eləcə də ictimai rəy və səs sayları nəzərə alınmaqla qiymətləndiriləcək. Sonda qaliblər “Qran-Pri” kuboku, diplom və sertifikatlarla mükafatlandırılacaq.
Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Müsabiqənin məqsədi ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı tətbiq olunan xüsusi karantin rejimində uşaq və gənclərin ev şəraitində asudə vaxtlarını səmərəli və faydalı keçirməsindən, yaradıcılıqlarını inkişaf etdirməsindən, zərb çalğı alətlərinin müxtəlif növlərinin təbliğindən, musiqi alətləri və mədəni irsimizin qorunması və istedadlı uşaqların üzə çıxarılmasından ibarətdir.

 

Elm və təhsil 2020-04-08 12:51:00